CƏMİYYƏT
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 2 santimetr azalıb
Bakı, 21 avqust, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-80, Kiçik Qafqazın çaylarında 30-70, Lənkəran-Astara bölgəsi çaylarında 20-50 və Naxçıvan Muxtar Respublikası çaylarında isə 70 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a bildirilib ki, avqustun 21-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 79 kubmetr olmaqla ongünlük normanın 65 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm saniyədə 114 kubmetr olmaqla ongünlük normanın 93 faizinə bərabər olub.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 11 kubmetr olmaqla ongünlük normanın 16 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 31 kubmetr təşkil edərək ongünlük normanın 45 faizinə bərabər olub.
Avqustun 21-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Şirvan və Bankə məntəqələrində 2 santimetr azalma, Salyanda 2 santimetr artım, Surra və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 352 (2016-cı il avqustun 21-də 363 sm), Şirvanda 205, Salyanda 140 (2016-cı il avqustun 21-də 137 sm), Bankədə 181 (2016-cı il avqustun 21-də 185 sm), Araz çayının Novruzlu məntəqəsində isə 58 santimetr (2016-cı il avqustun 21-də 70 sm) təşkil edir.