CƏMİYYƏT
Ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi
Bakı, 18 oktyabr, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yürütdüyü siyasət bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan siyasi, iqtisadi, sosial və hərbi sahələrdə böyük tərəqqi əldə edib.
AZƏRTAC xəbər verir ki, bu fikirlər oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 26-cı ildönümü münasibətilə Azərbaycan Hərb Tarixi Muzeyində keçirilən tədbirdə səsləndirilib.
Tədbirdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
“Müstəqillik illərində ölkənin müdafiə qüdrətinin yüksəldilməsi istiqamətində fəaliyyət” mövzusunda məruzə ilə çıxış edən Muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə bildirib ki, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra respublikamız uzun müddət SSRİ-nin tərkibində olsa da, xalqımız həmişə müstəqillik arzusu ilə yaşayıb. Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin ilk vaxtlarından başlayaraq, həmişə ölkəmizin dövlət müstəqilliyini bərpa edəcəyinə inanıb və uzaqgörənliklə bu istiqamətdə mühüm tədbirlər görüb. Ötən əsrin 70-ci illərində dahi şəxsiyyətin yaratdığı indiki Cəmşid Naxçıvanski adına Hərbi Lisey olmasaydı, dövlət müstəqilliyimizin qarantı olan bugünkü güclü Silahlı Qüvvələrimiz haqqında danışmaq mümkün olmazdı. Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində atılan ən böyük addım 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə ilk Konstitusiyamızın qəbul edilməsi oldu.
Diqqətə çatdırılıb ki, 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbul edilməsinə baxmayaraq, həmin tarixi günə qovuşmağımızın təməlində məhz ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti dayanır. Heydər Əliyev deyirdi ki, Azərbaycanın dövlət müstəqilliyi xalqımızın ən böyük sərvətidir və müstəqilliyimiz daimidir, sarsılmazdır, əbədidir. Müstəqilliyin əvəzsiz nemət olduğunu və xalqın taleyində çox önəmli rol oynadığını böyük qürur hissi ilə bəyan edən ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi.
Məruzədən sonra Müstəqillik Gününə həsr edilmiş qısametrajlı sənədli film göstərilib.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən Azərbaycan Hərb Tarixi Muzeyinə hədiyyə edilən qədim və orta əsrlər dövrünə aid arxeoloji eksponatların təqdimatı da olub.
Əzizağa Qənizadə deyib ki, Muzey müqəddəs amallardan olan dövlətçiliyin tərənnümü, cəmiyyətimizin hərbi vətənpərvərlik ruhunda formalaşdırılması, Azərbaycanın hərb tarixinin təbliği, o cümlədən xarici qonaqlara Vətən tarixi barədə dolğun məlumatın çatdırılması sahəsində məsuliyyətli vəzifə həyata keçirir. Muzeyimizin bu istiqamətdəki fəaliyyətini daha səmərəli və faydalı etmək üçün qədim və orta əsrlər dövrü zallarında yer alan stendləri orijinal eksponatlarla təmin etmək məqsədilə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun rəhbərliyi ilə əlaqə yaradılıb və 100-ə yaxın eksponat Muzeyə verilib.
Arxeologiya və Etnoqrafiya İnstitutunun nümayəndəsi Arif Rəhmanov qeyd edib ki, Muzeyə təqdim olunan, tarixin müxtəlif dövrlərini əks etdirən bu orijinal eksponatların yaşı on minilliklərlə ölçülür. Bu eksponatlar arasında tarixin ən qədim dövrü olan Daş dövrünün - Paleolit, Mezolit və Neolit dövrlərinin tapıntıları da var.
Diqqətə çatdırılıb ki, muzeyə verilən eksponatlar içərisində Tunc və Dəmir dövrünün hərb tarixini əks etdirən dəmir və tuncdan hazırlanmış nizə və ox ucluqları, döyüşçü bəzəkləri, erkən orta əsrlər dövrünün döyüşçüsünün su qabları, döyüşə gedərkən səfər üçün nəzərdə tutulan ərzaqın daşınmasında istifadə olunan küplər, atlara məxsus əsləhələr də var.
Tədbir bədii hissə ilə davam etdirilib.