CƏMİYYƏT
Şahbaz Quliyev müayinə məqsədilə aparıldığı Yerevandan əvvəlki saxlanma yerinə geri qaytarılıb
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Şahbaz Quliyevlə bağlı məlumat yayıb
Bakı, 18 oktyabr, AZƏRTAC
2014-cü ilin iyul ayında Ermənistan silahlı birləşmələri tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş Kəlbəcər rayonunun ərazisində girov götürülmüş və separatçı Dağlıq Qarabağ rejiminin qeyri-qanuni məhkəməsi tərəfindən azadlıqdan məhrum edilmiş Quliyev Şahbaz Cəlal oğlu cari ilin avqust ayında müayinə məqsədilə aparıldığı Ermənistan Respublikasının Yerevan şəhərindən əvvəlki saxlanma yerinə geri qaytarılıb. Saxlanma yerinə qaytarılma prosesi 2017-ci il oktyabrın 16-da həyata keçirilib.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, bu barədə Komissiyaya aidiyyəti beynəlxalq təşkilatlar tərəfindən məlumat verilib.
Məlumata əsasən, zəruri müayinə prosedurlarını keçmiş Azərbaycan Respublikasının vətəndaşı Şahbaz Quliyevin səhhətində hər hansı problem aşkar edilməyib və sağlamlıq durumu normal vəziyyətdədir.
Ermənistan hərbçiləri tərəfindən girov götürülmüş Şahbaz Quliyev müayinə üçün Yerevan şəhərinə aparılarkən və saxlanma yerinə geri qaytarılarkən müvafiq prosedurlara uyğun olaraq, Dövlət Komissiyası məlumatlandırılıb.