İQTİSADİYYAT
"Bir Pəncərə" İxraca Dəstək Mərkəzi vasitəsilə 220 min dollarlıq ixrac həyata keçirilib
Bakı, 23 oktyabr, AZƏRTAC
Azərbaycanın "EL-Metal Ltd" şirkəti "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi vasitəsilə Türkiyəyə 220 min ABŞ dolları miqdarında 500 tonluq polad pəstah (düzbucaqlı) məhsulunun ixracı ilə bağlı mənşə sertifikatı alıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, "EL-Metal Ltd" şirkətinin nümayəndəsi Rafiq İmanov qeyd edib ki, "Bir Pəncərə" İxraca Dəstək Mərkəzində ixrac prosedurları ilə bağlı sənədlərin toplanması operativ və səmərəli şəkildə mümkün olur. O əlavə edib ki, "EL-Metal Ltd" şirkəti bundan sonra da ixrac prosedurlarını "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirməyi planlaşdırır.
"Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə diqqətə çatdırıb ki, mərkəzə müraciət edən sahibkarların sayı günbəgün artır. Son bir ay ərzində "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi" vasitəsilə kənd təsərrüfatı məhsulları və qara metallurgiya məhsullarının ixracı ilə bağlı kifayət qədər müraciət olub. Müraciət edənlərin bir çoxu həm də müəyyən məlumatla təmin olunmağı xahiş ediblər. Mərkəz sözügedən sahibkarları hərtərəfli informasiya ilə təmin edib.
"Bir Pəncərə" İxraca Dəstək Mərkəzi "Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli Fərmanı əsasında yaradılıb. "Bir Pəncərə" İxraca Dəstək Mərkəzində beynəlxalq baytarlıq və fitosanitar sertifikatları, keyfiyyət sertifikatı, mənşə sertifikatı, vəhşi fauna və yabanı flora növlərinin ixracı üçün icazə, mədəni sərvətin mühafizə şəhadətnaməsi və dini təyinatlı ədəbiyyatın ixracına razılıq sənədi verilir. "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin binasında (Landau küçəsi 16, Bakı şəhəri, tel: 012 521 28 48) fəaliyyət göstərir.
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədi ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.