REGİONLAR
Qobustan qısa vaxtda böyük inkişaf yolu keçib
Qobustan, 24 oktyabr, AZƏRTAC
Doqquz il bundan əvvəl şəhər statusu alan Qobustanda aparılan geniş tikinti-quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri şəhərin simasını çox dəyişib. Qobustan şəhəri rayon mərkəzi kimi qısa vaxtda böyük inkişaf yolu keçib.
AZƏRTAC xəbər verir ki, bu barədə Qobustanda keçirilən “Şəhər günü” tədbirində danışılıb.
İdarə, müəssisə və təşkilatların rəhbərlərinin, rayon ağsaqqallarının və ictimaiyyət nümayəndələrinin qatıldıqları tədbirin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.
Gənclər evində təşkil olunan mərasimdə rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov və digər çıxış edənlər Qobustanın şəhər statusu aldıqdan sonra keçdiyi qısa tarixi yoldan söz açıb, qazanılan uğurlarda Prezident İlham Əliyevin diqqət və qayğısının xüsusi önəm daşıdığını bildiriblər. Vurğulanıb ki, dövlətimizin başçısı Qobustana dörd dəfə səfər edib. Bu il oktyabrın 2-də Prezident İlham Əliyevin Qobustana növbəti səfəri çərçivəsində 100 yerlik uşaq bağçası, Təklə-Sündü-Xilmilli yolu, dörd zolağa genişləndirilən Bakı-Şamaxı yolunun Cəngi-Bədəlli hissəsi istifadəyə verilib. Həmçinin dövlətimizin başçısı Qobustan şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edib, ictimaiyyət nümayəndələri ilə görüşüb. Hər səfərində Prezident İlham Əliyevin verdiyi tövsiyə və tapşırıqlar, tikinti-quruculuq, sosial-iqtisadi layihələr üçün ayrılan vəsaitlər Qobustan şəhərinin, o cümlədən rayonun inkişafında mühüm rol oynayıb. Təsadüfi deyil ki, rayon mərkəzi və kəndlər bu gün yeni inkişaf dövrünü yaşayır.
Çıxışlardan sonra tədbir geniş konsert proqramı ilə davam etdirilib.