CƏMİYYƏT
İsmayıllı şəhəri ərazisində iki əl qumbarası və iki UZRQM partladıcısı aşkarlanıb
Bakı, 24 mart, AZƏRTAC
Martın 23-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti - Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) İsmayıllı şəhəri, Babadağ küçəsində 2 ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə dalan 2 ev 1 ünvanına baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 2 ədəd F-1 əl qumbarası və 2 ədəd UZRQM partladıcısı aşkarlanıb. Qumbara və partladıcılar zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aşkar olunmuş əl qumbarası və partladıcıların ətrafında 50 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.
Qeyd edək ki, Agentlik tərəfindən yanvarın 1-dən martın 23-dək Ağdam, Ağcabədi, Ağstafa, Abşeron, Beyləqan, Füzuli, Tərtər, Qazax, Naftalan, Goranboy, Yevlax, Xızı, Şəmkir, İsmayıllı, Lənkəran, Bakı, Gəncə və Sumqayıt şəhərləri ərazisində 9 ev və həyətyanı sahəyə, 3 əkin sahəsinə, 1 fərdi yaşayış evinin qarşısına, 1 ferma ərazisinə, 5 otlaq sahəsinə, su kanalına, kənd qəbiristanlığının yaxınlığına, məişət tullantıları ərazisinə, yol kənarına, RPŞ-nin inzibati ərazisinə, hərbi hissənin yaxınlığına, Yuxarı Qarabağ kanalına, beton zavod və bazar ərazisinə baxış keçirilib, 2394 ədəd partlamamış hərbi sursat, 2 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 28845 kvadratmetr ərazi yoxlanılıb.