CƏMİYYƏT
“İrəli" İctimai Birliyinin üzvləri beynəlxalq layihədə ölkəmizi təmsil edirlər
Bakı, 23 iyun, AZƏRTAC
“İrəli” İctimai Birliyinin üzvləri beynəlxalq layihədə iştirak edirlər.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, "Gənclər Mübadilə və Anlaşma Uğrunda" (YEU) beynəlxalq təşkilatının "Gəncliyi cəsarətləndir" layihəsinin ikinci mərhələsi başlayıb. Layihənin məqsədi gəncləri, bu sektorda çalışan şəxsləri nifrət nitqi və onun əsas səbəbləri, cəmiyyətdə mövcud stereotiplərlə bağlı məlumatlandırmaq, gənclər arasında birliyi və əməkdaşlığı gücləndirməkdir.
Üç mərhələdən ibarət layihənin birinci - hazırlıq mərhələsi Sloveniyada təşkil olunub. İyunun 21-də start verilən ikinci mərhələ isə on gün davam edəcək. Hazırlıq mərhələsində iştirak etmiş gənclər Portuqaliyanın Alcoutim şəhərində və Armona adasında keçirilən ikinci mərhələdə komanda rəhbəri qismində fəaliyyət göstərirlər.
Layihənin birinci mərhələsində “İrəli” İctimai Birliyinin üzvü Tubu Əliyeva iştirak edib. Onun Bakıya qayıtdıqdan sonra təşkil etdiyi təlimi uğurla başa vuran dörd gənc YEU-nun "Gəncliyi cəsarətləndir" layihəsinin ikinci mərhələsində iştirak hüququ qazanıb. Beləliklə, Portuqaliyada on gün davam edəcək layihədə Azərbaycanı həmin gənclər təmsil edirlər.
Qeyd edək ki, layihənin sentyabrda İspaniyada keçiriləcək sonuncu - üçüncü mərhələsində yekun qiymətləndirmə olacaq. Ümumilikdə 10-dan çox ölkədən 60-dan artıq gəncin qoşulduğu layihə çərçivəsində müxtəlif mövzularda videoçarxlar hazırlanır.