ELM VƏ TƏHSİL
Radiasiya Problemləri İnstitutu Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə təlim-tədris sahələrində əməkdaşlıq edəcək
Bakı, 26 sentyabr, AZƏRTAC
Avstriyanın paytaxtı Vyanada Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş Konfransının 62-ci sessiyası keçirilib.
AEBA-ya üzv olan 168 ölkənin nümayəndə heyətinin iştirak etdiyi tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov və bu müəssisənin beynəlxalq əlaqələr şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İbrahim Qabulov iştirak ediblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, sessiya çərçivəsində elmi forum təşkil olunub. Forumun keçirilməsinin əsas məqsədi nüvə texnologiyalarından istifadə etməklə CO2 qazlarının ətraf mühitə buraxılmasının qarşısını almağın yollarının araşdırılması və içməli su resurslarının idarə edilməsi olub. Müzakirələr zamanı bu sahələrdə nüvə texnologiyalarının tətbiq olunmasının genişləndirilməsi təklif edilib.
Radiasiya Problemləri İnstitutunun əməkdaşları, həmçinin AEBA-nın Nüvə Təhlükəsizliyi Departamentində işgüzar görüş keçiriblər. Görüşdə iki qurum arasında təlim-tədris sahələrində əməkdaşlığın yaradılmasına dair ilkin razılıq əldə olunub.