CƏMİYYƏT
AQTA ilə “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC arasında Anlaşma Memorandumu imzalanıb
Bakı, 16 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti (ASC) arasında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Memorandumda dövlət müəssisə və təşkilatları tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması və ərzaq məhsullarının keyfiyyətini daha da artırılması, bu məqsədlə qida zəncirinin bütün mərhələlərində dövlət müəssisə və təşkilatlarının zəruri qida ehtiyaclarının təmin olunması istiqamətində xidmətlərin təşkili, göstərilən xidmətlər haqqında tərəflərin qarşılıqlı əməkdaşlığının həyata keçirilməsi nəzərdə tutulur.
İmzalanma mərasimində çıxış edən AQTA-nın sədr müavini Balarəhim Quliyev bildirib ki, son illər Azərbaycanda həyata keçirilə sosial-iqtisadi islahatlar kənd təsərrüfatının inkişafında mühüm rol oynayır. Bu baxımdan əhalinin təhlükəsiz qida ilə təmin olunması qarşıda duran əsas vəzifələrdən biridir. Memorandum tərəflərin qarşılıqlı əlaqələrinin gücləndirilməsində, bununla da əhalinin, o cümlədən dövlət müəssisə və təşkilatlarının təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsində əhəmiyyətli rol oynayacaq.
“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin sədr müavini Elşən Əsədov qeyd edib ki, aqrar sektorda tədarük zəncirinin formalaşdırılması, fermerlərin istehsal etdikləri məhsulların tədarük olunması istehsalçıları daha da stimullaşdırır. AQTA ilə “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC arasında imzalanan Anlaşma Memorandumu qida zəncirinin bütün mərhələlərində xidmətlərin keyfiyyətinin artırılmasını təmin edəcək.
Anlaşma Memorandumunu agentliyin sədr müavini Balarəhim Quliyev və ASC-nin sədr müavini Elşən Əsədov imzalayıblar.
Qeyd edək ki, Memorandumda birgə əməkdaşlığın istiqamətləri, tərəflərin öhdəlikləri öz əksini tapıb. Sənədə əsasən, tərəflər qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlər tərəfindən qida təhlükəsizliyi, baytarlıq və fitosanitariya qanunvericiliyinin tələblərinə əməl edilməsi üçün onların maarifləndirilməsi, iqtisadi və hüquqi informasiya ilə təmin edilməsi üçün birgə tədbirlərin görülməsi, habelə cəmiyyət tərəfindən tədarük və təchiz olunan qida məhsulları istehsalçıları və satıcılarının qida təhlükəsizliyi qeydiyyatına cəlb olunması, onlara agentliyin tabeliyindəki Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu vasitəsilə konsaltinq və təlim xidmətlərinin göstərilməsi tədbirləri həyata keçiriləcək. Bu tədbirlərə, eyni zamanda, zəruri hallarda agentlik tərəfindən cəmiyyətin tədarük və təchizat anbarlarında olan qida məhsullarından nümunələrin götürülməsi və qida təhlükəsizliyi tələblərinə uyğunluğunun qiymətləndirilməsi, bu tələblərə uyğun olmayan qida məhsulları barədə məlumatların cəmiyyətlə agentlik arasında qarşılıqlı ötürülməsi, beynəlxalq proqramlarda birgə iştirak, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi, əhalinin həssas qruplarının sağlam qida ilə təmin edilməsi istiqamətində pilot layihələrin həyata keçirilməsi də daxildir.