Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib

Bakı, 22 yanvar, AZƏRTAC

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat Nazirliyinin geniş kollegiya iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, İqtisadiyyat Nazirliyinin strukturlarının və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş iclasda nazir, kollegiyanın sədri Şahin Mustafayev Nazirlər Kabinetinin iclasında dövlətimizin başçısının 2018-ci ildə sosial-iqtisadi sahədə görülmüş işləri müsbət qiymətləndirdiyini vurğulayıb.

Qeyd edib ki, 2018-ci ildə beynəlxalq müstəvidə bir sıra uğurlar əldə olunub, ölkəmizin dünyada artan nüfuzu daha da güclənib. Dövlət başçısı tərəfindən iqtisadi inkişaf baxımından uğurlu il kimi qiymətləndirilən 2018-ci ildə makroiqtisadi sabitlik təmin olunub, iqtisadi artım 1,4 faiz təşkil edib, qeyri-neft sektoru 1,8 faiz, sənaye istehsalı 1,5 faiz, qeyri-neft sənaye məhsulu 9,1 faiz, kənd təsərrüfatı 4,6 faiz, əhalinin nominal gəlirləri 9,2 faiz artıb. Əsas kapitala 17,2 milyard manat investisiya qoyulub ki, bunun da 65,5 faizi və ya 11 milyard manatdan çoxu qeyri-neft sektoruna yönəldilib. 2018-ci ilin yanvar-noyabr aylarında xarici ticarətdə müsbət saldo 8,6 milyard dollar təşkil edib, ixrac 36 faiz artaraq 19 milyard dollara çatıb. 2018-ci ildə ölkənin valyuta ehtiyatları 3 milyard dollar artıb və hazırda 45 milyard dollar təşkil edir. Ötən il 118 min daimi iş yeri yaradılıb. Xarici borcun ÜDM-ə nisbəti 19 faizədək enib.

Diqqətə çatdırılıb ki, ötən il iqtisadiyyatda xüsusi əhəmiyyət kəsb edən Cənub Qaz Dəhlizinin rəsmi açılışı olub, TANAP boru kəməri fəaliyyətə başlayıb, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, "Star" neft emalı zavodu istifadəyə verilib. 2018-ci ilin sentyabrında orbitə buraxılan və kommersiya baxımından çox əlverişli layihə hesab edilən Azərbaycanın üçüncü peyki - "Azerspace 2" ölkəyə böyük həcmdə valyuta gətirəcək.

Nazir bildirib ki, Azərbaycanın əldə etdiyi nailiyyətlər nüfuzlu beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən islahatların nəticəsidir ki, "Doing Business 2019" hesabatında ölkəmiz yeni rekorda imza atıb, 10 ən islahatçı dövlət siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunub və əvvəlki illə müqayisədə 32 pillə irəliləməklə 190 ölkə arasında 25-ci yerə, MDB ölkələri arasında lider mövqeyə yüksəlib.

Qeyd olunub ki, 2018-ci ildə infrastrukturun inkişafı istiqamətində mühüm işlər görülüb, Ələt-Astara-İran avtomobil yolu istifadəyə verilib, 2000 kilometr magistral, şəhərlərarası və kənd yolları çəkilib. Hazırda turizmin inkişafında mühüm önəm kəsb edən Ləki-Qəbələ dəmir yolunun tikintisinə başlanılıb, "Şahdağ" kurortuna dəmir yolunun çəkilişi üçün isə layihə sənədləri hazırlanır.

Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev qarşıdakı dövr üçün mühüm vəzifələr müəyyənləşdirib. Kollegiya iclasında İqtisadiyyat Nazirliyi tərəfindən bu vəzifələrin icrası istiqamətində görüləcək işlər müzakirə olunub.

Nazirliyin ötən il gördüyü işlərdən danışan Ş.Mustafayev deyib ki, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası başa çatdırılıb. Dövlət başçısının tapşırığına əsasən, növbəti Dövlət Proqramının layihəsi hazırlanır və artıq işlər başa çatmaqdadır. Ötən il sahəvi dövlət proqramlarının, eləcə də "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında və Strateji Yol xəritələrində İqtisadiyyat Nazirliyinin icraçısı və əlaqələndiricisi olduğu tədbirlərin icrası davam etdirilib.

Onun sözlərinə görə, dövlət başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, 2018-ci ildə də yeni sənaye müəssisələri açılıb, mövcud müəssisələrin istehsal gücü artırılıb, bir sıra mühüm sənaye obyektlərinin tikintisinə başlanıb. Qeyri-neft sənayesinin istehsal və ixrac potensialının artırılmasında effektiv mexanizmlər - sənaye parkları və məhəllələrinin təşkili işləri davam etdirilib.

Ötən il Prezident İlham Əliyevin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında "SOCAR Polymer" MMC-nin Polipropilen zavodu, İnşaat kimyəviləri zavodu, "Tabaterra" QSC-nin tütün məmulatları istehsalı fabriki, Əlvan metallar və ferroərintilər zavodu açılıb. Bundan başqa, 2018-ci ildə parkın ərazisində elektron təhsil avadanlıqları, şüşə və saxsı məmulatların istehsalı müəssisələri fəaliyyətə başlayıb. Bu günlərdə isə Sənaye Parkının daha bir rezidenti - "SOCAR karbamid" zavodu istifadəyə verilib. 2019-cu ildə daha 5 müəssisənin istismara verilməsi nəzərdə tutulur.

Nazir diqqətə çatdırıb ki, "yaşıl iqtisadiyyat"ın və təkrar emal sənayesinin inkişafında mühüm rolu olan Balaxanı Sənaye Parkında 2018-ci ildə taxta tullantılarının emalı və kömür, plastik torlar, qablaşdırma və etiket, maqnezium oksid panellərin, işlənmiş avtomobil şinlərinin emalı və tullantı taxtalardan pellet və taxta unu istehsalı, avadanlıq və dəzgahların bərpası sahələri üzrə 6 rezident qeydiyyata alınıb. Hazırda Balaxanı Sənaye Parkının 14 rezidenti var və onlar tərəfindən 37,3 milyon manat investisiya yatırılıb. Rezidentlərdən 7-si artıq fəaliyyət göstərir. Bu müəssisələrdə 400-ə yaxın işçi çalışır. Yeni layihələrin reallaşdırılması hesabına işçilərin sayının 650-yə çatdırılması nəzərdə tutulur. Sahibkarların marağını nəzərə alaraq, Balaxanı Sənaye Parkının ərazisi 1,3 hektar genişləndirilib və hazırda 8,3 hektar təşkil edir. Bu ilin yanvar ayında Sənaye Parkında daha bir rezident qeydiyyata alınıb. Yeni rezident işlənmiş təkərlərin təkrar emalından biodizel istehsal edəcək. Layihə çərçivəsində 3 milyon manat investisiya yatırılacaq və 20-yə yaxın iş yeri yaradılacaq.

Qeyd olunub ki, 2018-ci ildə Mingəçevir Sənaye Parkında iplik istehsalı üzrə 2 müəssisə - pambıq-poliester və "Open End" üsulu ilə iplik istehsalı fabrikləri istifadəyə verilib, 750 iş yeri açılıb. İnvestisiya dəyəri 144 milyon manat olan fabriklərin yaradılmasına 10 milyon manat güzəştli kredit verilib. Müasir texnologiyalar əsasında qurulmuş fabriklər Almaniya, İsveçrə, İspaniya və Yaponiyanın aparıcı şirkətlərinin avadanlığı ilə təchiz edilib. Fabriklərdə pambıq mahlıcından ildə 20 min ton iplik istehsal olunacaq.

Gəmiqayırma sahəsində ixtisaslaşmış Qaradağ Sənaye Parkında fəaliyyət göstərən Bakı Gəmiqayırma Zavodunda 2 min nəfər işlə təmin olunub. Bu il Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi üçün dəyəri 82 milyon ABŞ dolları təşkil edən 2 Ro-Pax tipli unikal gəminin və dəyəri 28 milyon ABŞ dolları təşkil edən 2 neft tankerinin təhvil verilməsi planlaşdırılır.

Bildirilib ki, Pirallahı Sənaye Parkında investisiya dəyəri 100 milyon dollardan çox olan əczaçılıq, şpris və uşaq bezlərinin istehsalı müəssisələrinin yaradılması işləri aparılır. 2019-cu ilin ilk rübündə istifadəyə verilməsi nəzərdə tutulan şpris zavodu daxili tələbatı ödəməklə yanaşı, əlavə ixrac imkanları da yaradacaq. Cari ilin birinci rübündə Azərbaycan-Rusiya birgə müəssisəsi olan "R-Pharm" MMC tərəfindən dərman vasitələrinin qablaşdırılmasına başlanması nəzərdə tutulur. Bu ay Pirallahı Sənaye Parkında daha bir rezident qeydiyyata alınıb. Yeni rezident "Absheron Saffron Ltd" MMC müasir texnologiyalar əsasında yerli xammal əsasında zəfəranın emalını və ondan müxtəlif növ məhsulların istehsalını həyata keçirəcək. Müəssisədə 50 yeni iş yeri açılacaq.

Nazir diqqətə çatdırıb ki, sənaye parklarının ümumi investisiya portfelinin həcmi 3,8 milyard dollar təşkil edir. İndiyədək sənaye parklarına 2,9 milyard dollarlıq investisiya qoyulub. Təkcə, 2018-ci ildə rezidentlər tərəfindən 450 milyon dollar sərmayə yatırılıb. Sənaye parklarında 40, o cümlədən 2018-ci ildə 11 rezident qeydiyyata alınıb. Bu rezidentlərin 21-i artıq istehsal fəaliyyətinə başlayıb. Tikintidə və istehsalatda 10 minə yaxın iş yeri yaradılıb. Növbəti mərhələdə 1 milyard dollaradək investisiya qoyuluşu, 7000-ə yaxın iş yerinin açılması gözlənilir.

2018-ci ildə sənaye məhəllələrinin yaradılması prosesi davam etdirilib. Qeyd edək ki, ilk sənaye məhəlləsi 2017-ci ildə Neftçalada istifadəyə verilib. Ötən il açılışı olmuş və kiçik və orta sahibkarlığın inkişafında əhəmiyyətli rolu olan Masallı Sənaye Məhəlləsində hazırda 10 müəssisə fəaliyyət göstərir. Sənaye Məhəlləsinə sahibkarlar tərəfindən 5,3 milyon manat investisiya yatırılıb və 200-dən çox iş yeri açılıb. Hacıqabul Sənaye Məhəlləsində tikinti-quraşdırma işləri başa çatdırılıb, Sabirabad Sənaye Məhəlləsində isə tikinti işləri davam etdirilir. Ümumilikdə, istifadəyə verilən 2 sənaye məhəlləsinə 50 milyon manatdan çox özəl investisiya yatırılıb, 700-dək iş yeri yaradılıb. Digər 2 sənaye məhəlləsinin istifadəyə verilməsi ilə açılan iş yerlərinin sayı 1800-ə çatacaq, 77 milyon manat özəl investisiya yatırılacaq.

Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkəmizin digər regionlarında da sənaye zonalarının təşkili istiqamətində araşdırmalar aparılır. Bu il Naxçıvan Muxtar Respublikasında Şərur Sənaye Məhəlləsinin yaradılmasına başlanılacaq.

Ş.Mustafayev sənaye zonalarına yeni rezidentlərin cəlb olunması üçün təbliğat işlərinin, yeni sənaye parkları və məhəllələrinin yaradılması istiqamətində işlərin sürətləndirilməsi barədə nazirliyin aidiyyəti strukturlarına müvafiq tapşırıqlar verib. Ənənəvi sənaye sahələrindən olan xalçaçılığın inkişafı məqsədilə indiyədək 20 rayonda xalça fabriki açılıb. Bu il daha 11 xalça fabriki istifadəyə veriləcək. Beş yun və boyaq maddələrinin qəbulu məntəqəsinin tikintisi aparılır və 2019-cu ildə fəaliyyətə başlayacaq. Sumqayıt Kimya Sənaye Parkında Yunəyirici Boyaq Fabrikinin tikintisi aparılır.

Prezident İlham Əliyevin yeni həyat bəxş etdiyi və "Böyük Qayıdış"ın rəmzinə çevrilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə yem emalı müəssisəsi tikilib, türk iş adamları ilə birlikdə kiçik istixanalar və arıçılıq təsərrüfatları yaradılıb. Arıçılıq təsərrüfatları lazımi avadanlıqlarla, istixanalar damcılı suvarma sistemləri ilə, avadanlıq, toxum, dərman preparatları və sair ilə təmin edilib. Bu layihələrin reallaşdırılması nəticəsində istehsal olunan məhsullar "Cocuq Mərcanlı" brendi ilə satışa çıxarılır. Hazırda ümumi sahəsi 750 kvadratmetr olan suvenir istehsalı müəssisəsinin tikintisi işləri davam etdirilir. Cocuq Mərcanlı kəndində ailə təsərrüfatlarına, kiçik və orta sahibkarlara dəstək məqsədilə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən bal emalı mobil emalatxanasının yaradılması işləri həyata keçirilir.

Bildirilib ki, əlverişli coğrafi mövqeyi olan Azərbaycanın tranzit potensialının reallaşdırılması Prezident İlham Əliyevin iqtisadi diversifikasiya siyasətində mühüm yer tutur. Kollegiya iclasında qeyd edilib ki, əvvəlki illərdə olduğu kimi, 2018-ci ildə də ölkənin nəqliyyat-tranzit imkanlarının təşviqi tədbirləri davam etdirilib. İndiyədək Türkmənistan, Gürcüstan, İran, Türkiyə və Çində Trans-Xəzər beynəlxalq nəqliyyat dəhlizinin imkanlarının təbliği ilə bağlı tədbirlər keçirilib. 2018-ci ilin may ayında dövlət başçısının iştirakı ilə açılmış Bakı Beynəlxalq Dəniz Ticarət Limanı regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsində və tranzit imkanlarının genişləndirilməsində xüsusi əhəmiyyət kəsb edir. Hazırda liman ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması işləri davam etdirilir. Ötən il ölkə ərazisindən 9,3 milyon ton tranzit yük daşınıb. Şimal-Cənub nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmində ciddi artım müşahidə olunub, 158 min ton yük daşınıb. Cənub-Qərb dəhlizi üzrə daşınan yüklərin həcmində də əhəmiyyətli dərəcədə artım qeydə alınıb.

Vurğulanıb ki, Prezident İlham Əliyevin dərin islahatlar ili kimi qiymətləndirdiyi 2018-ci ildə özəl sektorun inkişafı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində sistemli tədbirlər, islahatlar davam etdirilib. 2018-ci ildə sahibkarlara 2048 lisenziya verilib ki, bunun da 1384-ünü yeni, 664-ünü isə müddətsiz lisenziyalarla əvəzetmə təşkil edir. Ümumilikdə isə, İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzləri vasitəsilə 2015-ci il noyabrın 2-dən bu il yanvarın 1-dək sahibkarlara 6766 lisenziya verilib. Ötən ilin martında "Lisenziyalar və icazələr" portalı yaradılıb və portal vasitəsilə artıq 587 elektron lisenziya verilib. 2018-ci ildə "Qrant haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, İqtisadiyyat Nazirliyi tərəfindən kommersiya qurumlarının və publik hüquqi şəxslərin 17 qrant müqaviləsi qeydiyyata alınıb. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Qanunun tətbiqindən sonrakı 38 ay ərzində vergi yoxlamaları istisna olmaqla cəmi 640, 2018-ci il ərzində isə 483 yoxlama keçirilib. Müqayisə üçün qeyd edək ki, yoxlamaların dayandırıldığı 2015-ci il noyabrın 1-dən əvvəlki 38 ay ərzində sahibkarlıq subyektlərində 185 mindən çox yoxlama keçirilib.

İnvestisiya təşviqi sənədinin iqtisadiyyata sərmayələrin cəlb edilməsində əhəmiyyətli mexanizm olduğunu qeyd edən Ş.Mustafayev bildirib ki, indiyədək sahibkarlara investisiya dəyəri 2,8 milyard manatdan çox olan layihələr üzrə 333 investisiya təşviqi sənədi və bu investisiya təşviqi sənədləri əsasında 2188 təsdiqedici sənəd verilib. Layihələrin 41 faizi kənd təsərrüfatı, 59 faizi isə sənaye sahələrini əhatə edir. Bu layihələrin reallaşması nəticəsində 22 minə yaxın iş yerinin açılacağı gözlənilir. 2018-ci ildə sahibkarlara investisiya dəyəri 801 milyon manat olan layihələr üzrə 107 investisiya təşviqi sənədi və bu investisiya təşviqi sənədləri əsasında 1058 təsdiqedici sənəd təqdim edilib. "Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı" çərçivəsində 46-sı 2018-ci ildə olmaqla, indiyədək 379 sahibkar və menecer Almaniyada "İqtisadi kooperasiya" üzrə ixtisasartırma kursu keçib.

Kollegiya iclasında qeyd edilib ki, proqram çərçivəsində gənc sahibkar və menecerlər 2019-cu ildə də Almaniyada ixtisasartırma kurslarına göndəriləcək. 16 sahibkar və menecerdən ibarət birinci qrup martın sonunda Almaniyaya yola düşəcək. 2018-ci ildə Yevlaxda yerləşən Aran Regional İnkişaf Mərkəzində 21 gənc biznes sahəsində biliklərini artırıb. İndiyədək 65 gənc bu imkanlardan yararlanıb. Ötən il Bakıda və ölkə regionlarında 2,5 mindən çox dinləyicinin iştirakı ilə biznes planların və investisiya layihələrinin hazırlanması, marketinq, menecment, brendləşdirmə, ekoloji təmiz kənd təsərrüfatının inkişafı və sair mövzularda 88 tədbir keçirilib, məsləhət xidmətləri göstərilib.

Bildirilib ki, İqtisadiyyat Nazirliyi tərəfindən vətəndaşlara 54 elektron xidmət göstərilir. Nazirlik tərəfindən göstərilən elektron xidmətlərin böyük əksəriyyəti artıq "E-hökumət" portalına (www.e-gov.az) inteqrasiya olunub. Hazırda digər elektron xidmətlərin "E-hökumət" portalına inteqrasiya olunması istiqamətində tədbirlər görülür.

Kollegiya iclasında özəl sektorda həyata keçirilən layihələrə dövlət dəstəyi tədbirlərinin gedişi də müzakirə olunub. Qeyd edilib ki, özəl sektorun uzunmüddətli və əlverişli şərtlərlə maliyyə resurslarına çıxışının təmin olunması üçün hər il olduğu kimi, ötən ildə də sahibkarlığın güzəştli kreditləşdirilməsi davam etdirilib. 2018-ci ildə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarların maarifləndirilməsi, nümunəvi investisiya layihələrinin təqdim olunması, güzəştli kreditlərin verilməsi ilə bağlı 600-dən çox sahibkarın iştirakı ilə 21 işgüzar forum keçirilib, müvəkkil kredit təşkilatları vasitəsilə ümumi dəyəri 617,8 milyon manat olan 999 investisiya layihəsinin maliyyələşdirilməsinə 160,2 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layıhələrinin reallaşdırılması 9000-dək yeni iş yerinin açılmasına imkan yaradır. Verilmiş kreditlərin 64,3 faizi respublikanın regionlarının, 35,7 faizi isə Bakı şəhərinin qəsəbələrinin payına düşür. Güzəştli kreditlərin 70,3 faizi aqrar sektorun, 29,7 faizi müxtəlif sənaye məhsullarının istehsalı və emalı sahələrinin inkişafına yönəldilib. Son illər fond tərəfindən maliyyələşdirilən 35 istehsal, emal və infrastruktur müəssisəsi 2018-ci ildə fəaliyyətə başlayıb. 2019-cu ildə daha 39 müəssisənin açılması gözlənilir. Ümumilikdə isə, indiyədək layihələrinin ümumi dəyəri 5 milyard manatdan çox olan 36 minə yaxın sahibkara 2,3 milyard manatadək güzəştli kredit verilib.

Azərbaycan Respublikası Prezidentinin müəyyənləşdirdiyi vəzifələrə uyğun olaraq, kollegiya iclasında sənayedə və aqrar sektorda həyata keçirilən layihələrə dövlət dəstəyi tədbirlərinin gücləndirilməsi barədə tapşırıqlar verilib.

Kollegiyanın sədri dövlət başçısının tapşırığına uyğun olaraq, aqroparkların, iri fermer təsərrüfatlarının yaradılması və mövcud arqroparkların genişləndirilməsi istiqamətində tədbirlərin davam etdirildiyini diqqətə çatdırıb. Bildirilib ki, hazırda dövlətin dəstəyi ilə ölkənin 33 rayonu üzrə 257 min hektar ərazidə dəyəri 2,2 milyard manat olan 51 aqropark və iri fermer təsərrüfatı, o cümlədən 15 rayonda 39,6 min hektar ərazidə 17 müasir cins heyvandarlıq kompleksinin və 29 rayonda 217,4 min hektar ərazidə 34 iri bitkiçilik təsərrüfatının yaradılması təşviq olunur. Artıq 17 aqropark fəaliyyət göstərir. 2019-cu ildə isə daha 10 aqroparkın istifadəyə verilməsi nəzərdə tutulur.

İdxaldan asılılığın azaldılması, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və qeyri-neft məhsulları ixracının genişləndirilməsinin dövlət başçısının sosial-iqtisadi siyasətinin prioritetlərindən olduğunu vurğulayan Ş.Mustafayev qeyd edib ki, hazırda İqtisadiyyat Nazirliyi tərəfindən dövlət başçısının qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı müvafiq Fərman və Sərəncamından irəli gələn tapşırıqların icrası istiqamətində tədbirlər, yerli məhsulların ixracının, rəqabətədavamlı və ixrac potensiallı məhsullar bazasının genişləndirilməsi istiqamətində işlər davam etdirilir. İxracın stimullaşdırılmasında xüsusi əhəmiyyət kəsb edən ixrac təşviqi mexanizmi artıq öz nəticələrini verir. Bu mexanizm çərçivəsində 97 sahibkara indiyədək 8,5 milyon manat, 2018-ci ildə isə 80 sahibkara 5 milyon manatadək vəsait geri ödənilib.

Bildirilib ki, 2018-ci ildə dövlət dəstəyi hesabına xarici ölkələrə 11 ixrac missiyası təşkil olunub, Azərbaycan şirkətləri xarici ölkələrdə təşkil olunmuş 11 beynəlxalq sərgidə vahid ölkə stendi ilə iştirak ediblər. Bu tədbirlər çərçivəsində ABŞ, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Çexiya, Qətər və digər ölkələrə Azərbaycan istehsalı olan meyvə-tərəvəz, nar şirəsi, şərab, ət məhsulları, quru süd, fındıq, qənnadı məhsulları, bal, çay, həmçinin Naftalan nefti, tikinti materialları, mebel və digər məhsulların ixracına dair 50-dən çox müqavilə imzalanıb və razılaşma əldə olunub. Bundan başqa, "Buta Airways" təyyarələrində ixracı təşviq edən reklam nümayiş olunub, təyyarələrdə təklif olunan Azərbaycan məhsullarının siyahısı genişləndirilib. "SOCAR Georgia Petroleum" şirkətinin yanacaqdoldurma məntəqələrində stendlər yerləşdirilib. 2019-cu ildə 19 xarici ölkəyə 25 ixrac missiyası həyata keçiriləcək, 11 beynəlxalq sərgidə Azərbaycan vahid ölkə stendi ilə təmsil olunacaq, ixracla məşğul olan sahibkarlara maliyyə dəstəyi daha da gücləndiriləcək. Ölkəmizin rəqabətqabiliyyətli məhsullarının ixracının təşviq edilməsi məqsədilə 2018-ci ildə xarici ölkələrdə 5 "Azərbaycan Ticarət Evi" açılıb. Bu ilin yanvarın 15-də BƏƏ-nin Dubay şəhərində açılan "Azərbaycan Ticarət Evi" ölkəmizin xaricdə yaradılmış sayca 7-ci ticarət evidir. Ticarət evlərində daimi fəaliyyət göstərən sərgilərdə Azərbaycan şirkətlərinin istehsal etdiyi məhsullar nümayiş olunur. Bu il Rusiyada, BƏƏ-nin Əbu-Dabi şəhərində və Qazaxıstanda "Azərbaycan Ticarət Evi"nin açılması nəzərdə tutulur. 2018-ci ildə Çində 2 "Azərbaycan Şərab Evi" açılıb. Xarici ölkələrdə Azərbaycanın şərab evlərinin yaradılması prosesi bu ildə də davam etdiriləcək. Bundan başqa, Azərbaycan məhsullarının ixracında istehsalçılara dəstək göstərmək və ixracatçılar arasında daimi ünsiyyət platformasını formalaşdırmaq məqsədilə yaradılmış İxracatçılar Klubunun 2018-ci ildə 23 iclası keçirilib, süd və süd məhsulları, zeytun, çay, xurma, mebel, maşın və avadanlıq istehsalçıları və ixracatçıları assosiasiyaları yaradılıb, 200-dən çox şirkətə ixraca dair xidmətlər göstərilib. Görülmüş tədbirlər nəticəsində 2018-ci ildə qeyri-neft ixracı 9,8 faiz, o cümlədən kənd təsərrüfatı və emalı məhsullarının ixracı 13,8 faiz, sənaye məhsullarının ixracı 6,2 faiz, xarici ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərin sayı 56,2 faiz artıb. Ötən il Azərbaycandan 3088 çeşiddə məhsul ixrac edilib.

İclasda ixrac missiyalarının, işgüzar görüşlərin səmərəliliyinin daha da artırılması barədə nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Diqqətə çatdırılıb ki, Azərbaycanın turizm potensialı, ölkədəki siyasi sabitlik və təhlükəsizlik turizm sektorunun inkişafı üçün geniş imkanlar açır. Bu imkanların reallaşdırılması üçün dövlət başçısının tapşırığına uyğun olaraq, bu sahədə ardıcıl tədbirlər görülür. 2018-ci ildə səhiyyə obyektlərinin, yeni məktəb binalarının, uşaq bağçalarının tikintisi, eləcə də qəzalı vəziyyətdə olan məktəblərin əsaslı təmiri və ya yenidən qurulması işləri davam etdirilib, modul tipli məktəblər inşa olunub. Ötən il 183 məktəb, 31 uşaq bağçası, 27 səhiyyə müəssisəsi, 9 idman obyekti tikilib və ya yenidən qurulub. Dövlət başçısının tapşırığına uyğun olaraq, 2019-cu ildə də sosial layihələrin icrasına xüsusi diqqət yetiriləcək, işsizliyin aşağı səviyyədə saxlanılması, səhiyyə obyektlərinin, uşaq bağçalarının tikintisi, eləcə də qəzalı vəziyyətdə olan məktəblərin əsaslı təmiri və ya yenidən qurulması, modul tipli məktəblərin inşası, əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsinin yaxşılaşdırılması tədbirləri davam etdiriləcək. Nazir vurğulayıb ki, bu istiqamətdə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusilə önəmlidir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan sosial layihələr minlərlə insanın həyat şəraitinin yaxşılaşması üçün yeni imkanlar açır. Heydər Əliyev Fondunun digər layihələri kimi, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramının uğurlu icrası sosial sahənin inkişafına mühüm töhfədir.

Ş.Mustafayev ölkə rəhbərinin göstərişinə uyğun olaraq, beynəlxalq təcrübə nəzərə alınmaqla, Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi qaydasının təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması işlərinin qısa müddətdə başa çatdırılmasının zəruriliyini vurğulayıb. 2018-ci il ərzində "2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik"dən irəli gələn öhdəliklərin yerinə yetirilməsi, sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramlarının Dayanıqlı İnkişaf Məqsədləri ilə əlaqələndirilməsi, habelə dayanıqlı inkişaf üzrə milli prioritetlərin və onlara dair göstəricilərin müəyyən edilməsi ilə bağlı tədbirlər davam etdirilib. BMT-nin "2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliyi"nin məqsədlərinin təşviqi, innovasiyaların həvəsləndirilməsi, "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasının və "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri"nin icrasına dəstək məqsədilə ikinci Respublika İnnovasiya Müsabiqəsi təşkil edilib. Ötən ilin oktyabrında Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, İqtisadiyyat Nazirliyi və BMT-nin ölkə üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində beynəlxalq və regional tərəfdaşlığın gücləndirilməsi" mövzusunda Dayanıqlı İnkişafa dair Bakı Forumu təşkil olunub. Sahibkarların və istehlakçıların maarifləndirilməsi məqsədilə ötən il Bakıda və regionlarda 7 konfrans və dəyirmi masa təşkil edilib, ticarət qaydalarına əməl olunması ilə bağlı 8 maarifləndirici məlumat 560 mindən artıq elektron ünvana göndərilib, istehlakçı hüquqlarına dair 10 adda 13 mindən artıq buklet və yaddaş kitabçası paylanılıb.

Kollegiya iclasında qeyd edilib ki, ötən il mənzil fondunun yeni idarəetmə üsulları əsasında idarə olunmasının təşkili istiqamətində tədbirlər davam etdirilib. Görülən işlərin nəticəsi olaraq, 2018-ci il ərzində çoxmənzilli binalarda sahə mülkiyyətçilərinin təşəbbüsü ilə 38 Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti (MMMC) təsis edilərək dövlət qeydiyyatına alınıb. Ümumilikdə isə, indiyədək Bakı, Sumqayıt və Xırdalan şəhərlərində, Abşeron rayonunda yerləşən çoxmənzilli binalarda 103 MMMC yaradılıb.

Sonra kollegiyanın gündəliyinə uyğun olaraq, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin hesabatı dinlənilib.

Agentliyin idarə heyətinin sədri Orxan Məmmədov məlumat verib ki, 2018-ci ildə kiçik və orta biznesin (KOB) inkişafının qanunverici bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra tədbirlər görülüb, KOB sektorunda yeni dəstək modellərinin tətbiqinin stimullaşdırılması məqsədilə Vergilər Məcəlləsinə dəyişikliklər edilib, mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları təsdiq olunub, KOB-ların kommunal xidmətlərə qoşulması prosedurları, tikintiyə icazə və tikinti obyektinin istismarına icazə qaydaları sadələşdirilib. Artıq 8 rayonda - Masallı, Siyəzən, Şabran, Xaçmaz, Gəncə, Yevlax, Quba və Qusarda "KOB Dostu" fəaliyyət göstərir. Fevral ayında Sumqayıt, Abşeron və Qəbələdə KOB dostları fəaliyyətə başlayacaq. İndiyədək KOB dostları tərəfindən sahibkarlıq subyektləri ilə 120-yə yaxın görüş keçirilib, təkliflər dinlənilib və suallar cavablandırılıb. Hazırda agentliyin digər layihəsi olan KOB evlərinin yaradılması üzrə işlər aparılır. KOB evlərinin yaradılması ilə KOB-lara göstəriləcək xidmətlərin əhatə dairəsi əhəmiyyətli dərəcədə genişlənəcək. Ümumilikdə, KOB evlərində sahibkarlara vahid məkan prinsipi əsasında 34 dövlət qurumunun 110-a yaxın xidməti göstəriləcək. Eyni zamanda, elektron formada vahid platforma üzərindən xidmətlərin göstərilməsini təmin edəcək "e-KOB Evi" portalının yaradılması istiqamətində işlər davam etdirilir.

Kollegiyanın sədri Ş.Mustafayev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının çıxışından irəli gələn və İqtisadiyyat Nazirliyi qarşısında qoyulmuş vəzifələrin vaxtında və yüksək səviyyədə icrası üçün nazirliyin struktur bölmələrinə konkret tapşırıqlar verib, bu vəzifələrin icrası ilə bağlı Tədbirlər Planının hazırlanması qərara alınıb. İclasda İqtisadiyyat Nazirliyinin Kollegiyasının 2019-cu il üçün İş Planı təsdiq edilib, cari məsələlər müzakirə olunub.

İclasda Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə təltif olunmuş nazirlik əməkdaşlarına medallar təqdim edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb

Təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adı dəyişdirilə bilərmi?

Gənc bioloqlardan “Biz irəlidəyik” adlı ekoloji aksiya təşəbbüsü

HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib

BMT-nin Baş katibi: Ekoloji böhran jurnalistlərin ən prioritet sahəsi olmalıdır

Yeni ixtisasların açılmasına dair ümumi tələblər müəyyən edilib

Rusiyalı ekspert: Azərbaycanın böyük yaşıl enerji potensialı var – MÜSAHİBƏ

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

FIFA futbolda inqilabi dəyişikliyə hazırlaşır

“Yeni təhsil proqramlarının açılması Qaydaları” təsdiq edilib

ABŞ-da aprel ayında işsizlik səviyyəsi 3,9 faizə yüksəlib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Ekspertlər: Stresə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb

Azərbaycanın qrup hərəkətləri komandası Avropa Kubokunda bürünc medal qazanıb

Ötən müddətdə “Könüllü DOST” proqramına 4,8 min nəfərdən çox şəxs cəlb edilib

Xarici səyyahlar Cəbrayılda minatəmizləmə əməliyyatları barədə məlumatlandırılıb VİDEO

Nigeriyada kəndlərə hücum edən silahlılar 25 nəfəri öldürüb

Norveçli səyyah: Qarabağ və Şərqi Zəngəzur gözəl təbiətə malikdir

Bakıdakı Rus evində “Rus dilinin elçiləri” maarifləndirici tədbirlər keçiriləcək

Faktiki hava: Bəzi yerlərə arabir yağış, Şahdağa isə qar yağıb

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Boeing” kosmosa ilk astronavtlarını göndərir