CƏMİYYƏT
Şagirdlərin fövqəladə hadisələr zamanı davranış qaydalarına dair bilikləri təkmilləşdirilir
Bakı, 22 yanvar, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ Regional Mərkəzi yanvarın 22-də Ağcabədi şəhər 7 nömrəli tam orta məktəbdə “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.
AZƏRTAC nazirliyin saytına istinadla xəbər verir ki, tədbirin məqsədi şagirdlərin baş verə biləcək fövqəladə hadisələr zamanı davranış qaydalarına dair biliklərinin daha da təkmilləşdirilməsi olub.
Toplantıda “Zəlzələ”, “Dəm qazı”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “112” qaynar xəttinə müraciət qaydaları”, “Odsöndürən balonlardan istifadə qaydaları” mövzularında məruzələr dinlənilib.
Tədbirdə, həmçinin mövzulara dair videoçarxlar nümayiş olunub.
Sonda kollektivi maraqlandıran suallar cavablandırılıb, maarifləndirici materiallar paylanılıb.
Görüşdə FHN-in yerli qurumlarının və rayon təhsil şöbəsinin nümayəndələri iştirak ediblər.