CƏMİYYƏT
“Təhlükəsiz şəhərim” layihəsinin təlimlərinə başlanılıb
Bakı, 23 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilati dəstəyi ilə Aytac Abdullayevanın “Təhlükəsiz şəhərim” layihəsinin təlimlərinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, layihənin keçirilməsində əsas məqsəd gəncləri yol hərəkəti qaydaları haqqında məlumatlandırmaq və gənclərdə yüksək yol mədəniyyətinin formalaşdırılmasıdır.
Təlimdə çıxış edən layihə rəhbəri gənclərə layihə haqqında məlumat verib.
Layihədə Mingəçevirdə yaşayan və təhsil alan gənclər iştirak edib. Təlimin ilk günündə layihə iştirakçılarına yol hərəkəti qaydaları və ümumilikdə yollarda təhlükəsizliyi təmin edən müxtəlif yol nişanları haqqında məlumat verilib, sosial videoçarxlar göstərilib.
Təlimin növbəti günündə layihə çərçivəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun bir sıra müddəalarının izahı nəzərdə tutulub. Üç gün davam edəcək təlimi uğurla başa vuran iştirakçılar sertifikatlarla təltif olunacaqlar.