CƏMİYYƏT
Binəqədi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yeni bölməsinin açılışı olub
Bakı, 18 fevral, AZƏRTAC
Fevralın 18-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Binəqədi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 5 nömrəli yanğından mühafizə bölməsinin açılışı olub.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, bölmənin açılış mərasimində fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev iştirak edib.
Nazir müavini yüksək standartlara cavab verən müasir texnika və avadanlıqla təchiz edilən binada ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotoşəkillərdən ibarət stendə baxıb, dispetçer, tədris və istirahət otaqları, yeməkxana ilə tanış olub. O, şəxsi heyəti yeni bölmənin açılışı münasibətilə təbrik edərək uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.
Nazir müavini qeyd edib ki, Binəqədi rayonunun Xocasən qəsəbəsində yeni bölmənin istifadəyə verilməsi bu ərazidə yanğın təhlükəsizliyinin daha etibarlı təmin edilməsi, yanğınsöndürmə və xilasetmə tədbirlərinin operativ həyata keçirilməsi işini asanlaşdıracaq.