CƏMİYYƏT
Dövlət Sərhəd Xidmətinin Lənkəran Sərhəd Dəstəsində “Bahar kuboku” keçirilib
Bakı, 20 mart, AZƏRTAC
Dövlət Sərhəd Xidmətinin (DSX) Lənkəran Sərhəd Dəstəsində Lənkəran şəhər gənclər və idman idarəsi tərəfindən “Xəmsə” Milli İntellektual Oyunu üzrə əsgərlər arasında Novruz bayramına həsr olunmuş “Bahar kuboku” birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, birincilikdə DSX Lənkəran Sərhəd Dəstəsinin “Sərhədçilər”, “İstiqlal”, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “Mübariz”, “Qartal”, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının “Xilasedicilər” və “Turan” komandaları iştirak ediblər.
Əvvəlcə iştirakçılar və gənclərin bir qrupu Lənkəran Sərhəd Dəstəsində yaradılan şəraitlə tanış olub.
Birincilik Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlayıb.
Hərbi hissə komandirinin şəxsi heyət üzrə müavini, polkovnik-leytenant Tural Kərimli tədbirdə çıxış edərək DSX-nin yaranma tarixindən, təyinatından danışıb. O, belə maarifləndirici tədbirlərin əsgərlər arasında mütəmadi qaydada keçirilməsinin əhəmiyyətindən söz açıb.
Maraqlı yarışın sonunda DSX Lənkəran Sərhəd Dəstəsinin “Sərhədçilər”, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının “Xilasedicilər”, Lənkəran Sərhəd Dəstəsinin “İstiqlal” komandaları ilk üç pillədə qərarlaşıblar.
Qalib gələn komandalar Lənkəran şəhər gənclər və idman idarəsinin diplomları və birinciliyin kuboku ilə təltif olunub.