CƏMİYYƏT


12 avqust - Xəzər Dənizinin Ətraf Mühitinin Mühafizəsi Günüdür

Bakı, 12 avqust, AZƏRTAC

12 avqust - Xəzər Dənizinin Ətraf Mühitinin Mühafizəsi Günüdür. 2006-cı ildə dənizin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası qüvvəyə mindikdən sonra hər il həmin tarix “Xəzər günü” kimi qeyd edilir.

AZƏRTAC Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki, “Xəzər günü”nün qeyd edilməsində əsas məqsəd dənizin ətraf mühitinin çirklənmədən qorunması, o cümlədən onun bioloji ehtiyatlarının müdafiəsi, mühafizəsi, bərpası, davamlı və səmərəli istifadə edilməsi və bu istiqamətdə əhalinin maarifləndirilməsindən ibarətdir.

Azərbaycanda da “Xəzər günü” ilə əlaqədar nazirliyin tabeli qurumlarının, yerli idarəetmə orqanlarının, bələdiyyələrin, müəssisə və təşkilatların və qeyri-hökumət təşkilatlarının iştirakı ilə görüşlər təşkil olunur, eləcə də dəniz sahili ərazilərdə təmizlik və abadlıq işləri həyata keçirilir.

Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası onun sahilində yerləşən beş dövlət arasında regionda təbiəti mühafizə şərtlərini və müvafiq təşkilati mexanizmi əks etdirən ilk hüquqi sazişdir.

Qəbul olunduğu şəhərin adı ilə bağlı olaraq “Tehran Konvensiyası” kimi də tanınan konvensiya Xəzər dənizinin ətraf mühitinin bütün növ mənbələrdən çirklənməsinin qarşısının alınmasına, həmçinin dənizin ətraf mühitinin mühafizəsi, saxlanması və bərpasına qulluq edir. Konvensiyada Xəzər dənizinin bioloji sərvətlərinin davamlı və səmərəli istifadəsinə, ətraf mühitə təsirin qiymətləndirilməsinə, ekoloji monitorinqə və elmi tədqiqatlara aid müddəalar var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.