CƏMİYYƏT
12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə keçirilən maarifləndirici treninqlər yekunlaşıb
Bakı, 27 noyabr, AZƏRTAC
12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi dairə seçki komissiyasında seçki komissiyalarının sədrləri və üzvləri üçün keçirilən maarifləndirici treninqlər noyabrın 26-da başa çatıb.
AZƏRTAC xəbər verir ki, dairə seçki komissiyasının sədri Qəşəm Əhmədzadə treninqlərin dekabrın 23-də ölkəmizdə keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) maarifləndirmə proqramı çərçivəsində təşkil edildiyini və böyük əhəmiyyətə malik olduğunu bildirib. Qeyd edib ki, bu maarifləndirici treninqlər bələdiyyə seçkilərinin şəffaf və qanunamüvafiq təşkili üçün çox önəmlidir. Treninqlərdə bələdiyyə seçkilərinə hazırlığın gedişi haqqında aydın və hərtərəfli məlumat verilir.
Diqqətə çatdırılıb ki, treninqlər noyabrın 25-dən başlayıb və bütün məntəqə seçki komissiyalarının sədrləri və üzvləri üçün müvafiq qaydada üç gün müddətində davam edib.
Q.Əhmədzadə bildirib ki, məntəqələrdə seçkilərin şəffaf və demokratik keçirilməsi, komissiya üzvlərinin normal fəaliyyəti üçün lazımi şərait yaradılıb. 42 min 757 seçicisi olan dairə seçki komissiyasının ərazisində 32 daimi seçki məntəqəsi fəaliyyət göstərir. Məntəqələr lazımi texniki avadanlıqla və məlumat kitabçaları ilə təchiz edilib. Dairə üzrə 235 nəfər ilk dəfə səs verəcək. Şəffaflığın təmin olunması məqsədilə məntəqələrin 9-da veb-kameralar quraşdırılıb.
Dairə seçki komissiyasının katibi Nahid Abbasov tərəfindən aparılan treninqlərdə iştirakçılara səsvermə günü məşvərətçi səs hüquqlu üzvlərin, müşahidəçilərin və KİV nümayəndələrinin hüquq və vəzifələri və onlarla iş qaydası, seçki günü məntəqə seçki komissiyalarının rolu və fəaliyyəti barədə məlumat verilib.
Treninqlər zamanı müxtəlif mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb, hər bir məntəqə seçki komissiyasının üzvünə “Seçki günü üçün yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər sənəd nümunələri təqdim edilib.