İDMAN
AFFA bir neçə klubu cərimələyib
Bakı, 22 avqust, Nicat Məmmədov, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasının birinci turu ilə əlaqədar AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, iclasda bir sıra qərarlar qəbul olunub.
Birinci turun “Keşlə”-“Qarabağ” matçında meydan sahibi komandanın futbolçusu Emin Mehtiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb və klub 200 manat cərimə edilib.
“Qəbələ”ni qəbul edən “Sumqayıt”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800, qonaq komandanın üzvü Asif Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb və 200 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra “Qəbələ” klubunun azarkeşi tunelə daxil olaraq hakimlər briqadasını təhqir etdiyi üçün meydan sahibi 4 min manat cərimələnib. Matç “Sumqayıt”ın günahı səbəbindən 9 dəqiqə gec başladığı üçün klub 800 manat cərimə ödəyəcək.
“Neftçi”-“Sabah” matçında qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.