CƏMİYYƏT
Penitensiar Xidmətin əsgərləri arasında breyn-rinq və stolüstü oyunlar üzrə yarışlar keçirilib
Bakı, 19 sentyabr, AZƏRTAC
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) birgə tədbirlər planına müvafiq olaraq, xidmətin Mühafizə alayının 2-ci atıcı bölüyündə əsgərlər arasında breyn–rinq, şahmat və dama üzrə yarışların zona mərhələləri keçirilib.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan olunması ilə əlaqədar Mühafizə alayının 2-ci, 3-cü, 9-cu və 18-ci atıcı bölüklərinin əsgərləri arasında Nəsiminin anadan olmasının 650 illiyinə həsr edilən breyn–rinq bilik yarışının, o cümlədən şahmat və dama turnirlərinin zona mərhələsinin açılışında çıxış edənlər şəxsi heyətin asudə vaxtının səmərəli təşkili, onların vətənpərvərlik ruhunda tərbiyəsi və idmana maraqlarının artırılması sahəsində belə yarışların əhəmiyyətini vurğulayıblar.
Olimpiya sistemi üzrə keçirilən yarışların qalibləri Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlarla təltif olunublar.
Yarışların bağlanış mərasimində Mühafizə alayının komandir müavini, ədliyyə polkovnik–leytenantı Əfqan Nəbiyev belə tədbir və yarışların təşkilinə görə minnətdarlığını bildirib.