CƏMİYYƏT
Bitki sağlamlığı ilə əlaqədar Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasına dair məsələlər müzakirə edilib
Bakı, 21 sentyabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyində Prezident İlham Əliyevin 2019-cu il aprelin 29-da imzaladığı Sərəncamla təsdiq edilən “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar görüş keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gömrük Komitəsi, Statistika Komitəsi və Milli Elmlər Akademiyasının nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə bitki sağlamlığı ilə bağlı Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasına dair məsələlər müzakirələr edilib.
Bitki sağlamlığı ilə əlaqədar Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası sahəsində yaradılmış dörd işçi qrupu üçün prioritet istiqamətlər müəyyənləşdirilib. İşçi qrupların üzvlərinin bitki sağlamlığına nəzarət üzrə qanunvericiliyin təkmilləşdirilməsi, əkinətəyinatlı torpaq sahələrində bitki mühafizəsi vasitələri və aqrokimyəvi maddələrdən istifadəyə dair monitorinqlərin aparılması, bitki mühafizəsi vasitələrinin qeydiyyatı, dövriyyəsi və istifadəsinə nəzarət mexanizminin təkmilləşdirilməsi, bitki mənşəli məhsullarda aqrokimyəvi maddələrin və pestisidlərin qalıqlarının monitorinqi proqramının hazırlanması və icrasının təmin edilməsi, beynəlxalq təcrübə nəzərə alınmaqla bitki sağlamlığı ilə bağlı risklərin təhlil mexanizminin yaradılması, zərərvericilərdən azad zonaların yaradılması imkanlarının nəzərdən keçirilməsi, əsas kənd təsərrüfatı bitkilərinin zərərli orqanizmlərdən mühafizə üzrə inteqrir mübarizə tədbirləri sisteminin hazırlanması və tətbiqi ilə bağlı işlər görməsi nəzərdə tutulub.
Tədbir təklif və müzakirələrlə davam etdirilib.