DÜNYA
BBC: Haaqa məhkəməsi Britaniya əsgərlərinin İraq və Əfqanıstanda əməllərini təhqiq edə bilər
Bakı, 18 noyabr, AZƏRTAC
Haaqa beynəlxalq cinayət məhkəməsi BBC telekanalının “Panorama” proqramında təqdim edilmiş materiallar əsasında Britaniya hərbçilərinin İraq və Əfqanıstanda dinc əhaliyə qarşı törətdikləri əməllər üzrə rəsmi təhqiqat aparılmasını nəzərdən keçirir.
AZƏRTAC telekanalın saytına istinadla xəbər verir ki, BBC-nin jurnalistləri “Sunday Times” qəzetinin əməkdaşları ilə birlikdə həmin ölkələrdə mülki şəxslərin öldürülməsi və komandanlığın əsgərlərin bu cinayətlərini gizlətməsi barədə materiallar əldə edib. Söhbət, əsasən, saxlanılan şəxslər və məhkumlara qarşı qəddarcasına rəftardan gedir.
Beynəlxalq cinayət məhkəməsi ilk dəfədir ki, Böyük Britaniya vətəndaşlarına qarşı ittihamları araşdırır və onun nümayəndələrinin sözlərinə görə, aşkar edilmiş sübutlar hərbi cinayət materialları kimi çox ciddidir.
Böyük Britaniyanın Müdafiə Nazirliyi isə bəyan edib ki, ittihamlar əsassızdır və nazirlik bütün məlumatları əvvəlcədən məhkəməyə təqdim edib, habelə məsələni Beynəlxalq Cinayət Məhkəməsi ilə fəal əməkdaşlıq şəraitində araşdırıb. Nazirlik əlavə edib ki, gələcək istintaq hərəkətləri üçün əsas görmür.