CƏMİYYƏT
Türkiyənin Ətraf mühit və Şəhərsalma Nazirliyinin nümayəndə heyəti Bakıda səfərdə olub
Bakı, 27 yanvar, AZƏRTAC
Türkiyə Respublikası Ətraf Mühit və Şəhərsalma Nazirliyinin tikinti işlərinə nəzarət qurumunun məsul əməkdaşlarından ibarət nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində (TTNDA) olub.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, üçgünlük səfərin məqsədi “Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın VIII iclasının Protokolu”na əlavə edilən Fəaliyyət Planının 63-cü və 64-cü bəndlərinin icrası ilə əlaqədar qarşıda duran tədbirlərin müzakirəsi olub.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəhbərliyi ilə görüşdə agentlik və onun fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat verilib, tikintiyə nəzarət sahəsində qarşılıqlı əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Daha sonra aidiyyəti mütəxəssislərin iştirakı ilə hər iki ölkənin tikintiyə nəzarət sistemləri barədə təqdimatlar edilib. Türkiyədə tətbiq edilən Elektron Beton İzləmə Sistemi (EBİS) əyani nümayiş olunub və onun Azərbaycanda qurulmasının imkanları nəzərdən keçirilib. Eyni zamanda, qonaqlar agentliyin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun sınaq poliqonunun fəaliyyəti ilə yaxından tanış olublar.
Görüşdə, həmçinin zəlzələ, sel və digər təbii fəlakət hallarında fəlakətdən ziyan çəkmiş tikililərə dəyən zərərin müəyyənləşdirilməsi, infrastrukturla bağlı zərərin müəyyənləşdirilməsi, qəzalı binaların sökülməsi, fəlakət nəticəsində dağıntıların aradan qaldırılması və digər məsələlər barədə də fikir mübadiləsi aparılıb. Aparılmış müzakirələrin yekunu olaraq həmin Fəaliyyət Planının 63-cü və 64-cü bəndləri üzrə müvafiq əməkdaşlıq istiqamətlərini müəyyən edən “Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında Tikinti işləri sahəsində əməkdaşlığa dair protokol”un ilkin layihəsi hazırlanaraq təqdim olunub.
Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə qurumlar arasında təcrübə və mütəxəssis mübadiləsinin, qarşılıqlı səfərlərin əhəmiyyətindən də danışılıb.