ELM VƏ TƏHSİL
Tələbələrə “ActInSpace” yarışması barədə məlumat verilib
Bakı, 18 fevral, AZƏRTAC
Azərbaycan-Fransız Universiteti (UFAZ) Xəzər Universitetinin Təbiət elmləri və mühəndislik fakültəsinin tələbələri üçün “ActInSpace” yarışmasının təqdimatını edib.
Xəzər Universitetindən AZƏRTAC-a bildirilib ki, UFAZ-ın tələbə işləri üzrə mütəxəssisi Vüsalə Hüseynova müsabiqə haqqında ətraflı məlumat verib, bu il “ActInSpace”in ikinci buraxılışının Azərbaycana gətirildiyini bildirib.
Tələbələrə yarışın qaydaları izah edilib. Qeyd olunub ki, UFAZ-da aprelin 24-ü və 25-də hakaton keçiriləcək. “ActInSpace” müsabiqəsi startap yaratmaq, verilmiş patentlərdən, texnologiyalardan və peyk məlumatlarından istifadə etməklə, iş perspektivləri üzərində işləmək üçün unikal bir fürsətdir. Yarışın qalibləri mükafatlandırılacaq. “Ən başlıcası, yalnız qazanmaq deyil, “ActInSpace” müsabiqəsi boyunca bütün iştirakçıları və komandaları gecə-gündüz dəstəkləyən mütəxəssislər sayəsində startap şirkətlərini işə salmağa hazır olan həllər əldə etməkdir”, - deyə V.Hüseynova bildirib.
Sonda yarışma haqqında tələbələrin sualları cavablandırılıb.