QAN YADDAŞI
Xocalı faciəsi qurbanlarının xatirəsi Gürcüstanın Kaspi rayonunda ehtiramla yad olunub
Tbilisi, 20 fevral, AZƏRTAC
Gürcüstanın Kaspi rayonunun Ferma kəndində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasim Azərbaycanın Gürcüstandakı səfirliyinin hazırladığı silsilə tədbirlər planı çərçivəsində reallaşıb.
Tədbirdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Şəhidlərin ruhuna dualar oxunub.
Səfir Dursun Həsənov çıxış edərək, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin Xocalıda törətdiyi qanlı vəhşiliklərdən danışıb. Bildirilib ki, tarixin bu qanlı gecəsi Xocalıda qoca, uşaq, qadın olmaqla 613 dinc sakin ağlasığmaz vəhşiliklə qətlə yetirilib.
Bu faciədə öldürülən dinc sakinlərdən 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Bundan əlavə, 487 nəfər yaralanıb, onlardan 76-sı uşaqlardır. O müdhiş gecədə 1275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb.
Səfir bu dəhşətli hadisəyə obyektiv qiymət verən ümummilli lider Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılması və ermənilərin törətdikləri soyqırımının beynəlxalq səviyyədə tanıdılması istiqamətində gördüyü işlərdən, eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.
Sonra Gürcüstan Ağsaqqallar Şurasının sədri İsak Novruzov, Loğman Tibb Mərkəzinin direktoru Elcan Abdullayev, azərbaycanlı fəal qadın Leyla Əliyeva və başqaları çıxış ediblər.
Bildirilib ki, Xocalı soyqırımı təkcə Azərbaycana qarşı deyil, insanlığa və bəşəriyyətə qarşı törədilmiş qatı cinayətdir.
Tədbirin sonunda ehsan süfrəsi açılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi