REGİONLAR
Dövlət proqramlarından irəli gələn vəzifələrin icrası diqqətdə saxlanılır
Naxçıvan, 2 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq hüquqlarının qorunması, həmçinin qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələrin icrası ötən ay da diqqətdə saxlanılıb.
Muxtar respublikanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, komitənin və Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə maliyyə savadlılığı üzrə “Gələcəyini planlaşdır” təlimi keçirilib.
Beynəlxalq Qadınlar Günü ilə bağlı Şahbuz şəhərində yaşayan uzunömürlü 110 yaşlı Ceyran Qafarova, Şahbuz rayonunun Kükü kəndində yaşayan sağlamlıq imkanları məhdud qadınlar Mirvari və Şəfa Qurbanova bacıları və Naxçıvan şəhərində yaşayan Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü Həvayət Qurbanova ilə görüşlər keçirilib, onlara hədiyyələr verilib.
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Beynəlxalq Qadınlar Günü münasibətilə “Müstəqillik illərində Naxçıvan qadınlarının keçdiyi tarixi yol” mövzusunda bayram tədbiri keçirilib, komitə tərəfindən müxtəlif nominasiyalar üzrə səmərəli fəaliyyətlərinə görə fərqlənən 50 qadına diplom, eləcə də tədbir iştirakçılarına hədiyyələr verilib. Həmçinin tədbirdə 53 istedadlı qadının 1210 rəsm və əl işi, 49 müəllifin 87 kitabı və ailə təsərrüfatı ilə məşğul olan 18 qadının 580 adda ailə təsərrüfatı məhsulundan ibarət sərgi-satışı təşkil olunub. Sərgi-satışda 423 manat dəyərində 16 qadının 472 əl işi və ailə təsərrüfatı məhsulları satılıb, dəyəri sahiblərinə ödənilib. Ordubad rayonunun Vənənd kəndində “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbir keçirilib.
Mart ayında elektron məlumat bankına 857 uşaq haqqında fərdi məlumatlar daxil edilib. Sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası ilə bağlı 1 uşaq müalicə-reabilitasiya müəssisəsinə göndərilib, Milli Teatr Günü ilə əlaqədar valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud və aztəminatlı ailələrdən olan 85 uşağa Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının aktyorları tərəfindən “Göyçək Fatma” tamaşası göstərilib.