CƏMİYYƏT
Su təsərrüfatı və meliorasiya işçiləri peşə bayramlarını qeyd edirlər
Bakı, 5 iyun, AZƏRTAC
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı və “Azərsu” Açıq Səhmdar cəmiyyətlərinin kollektivləri peşə bayramlarını qeyd edirlər.
“Su təsərrüfatı və meliorasiya işçiləri günü” Prezident İlham Əliyevin 2014-cü il 14 may tarixli Sərəncamı ilə təsis edilib və hər il iyunun 5-də qeyd olunur.
AZƏRTAC xəbər verir ki, hər iki qurumun rəhbərliyi koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə əməl etməklə, iyunun 5-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi yad edilib.