CƏMİYYƏT
Xüsusi karantin rejimini pozduqlarına görə 4 nəfər həbs edilib, 2294 nəfər cərimələnib
Bakı, 6 iyul, AZƏRTAC
Koronavirusla mübarizə çərçivəsində polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı xüsusi karantin rejimi qaydalarını pozan fiziki və hüquqi şəxslərə qarşı inzibati tənbeh tədbirləri tətbiq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iyulun 5-də həyata keçirilən nəzarət tədbirləri ilə respublika üzrə epidemiya əleyhinə rejimi pozan 11 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb. Həmin obyekt sahiblərinin 1-i barədə inzibati həbs, 10 nəfər barəsində isə inzibati cərimə tətbiq edilib.
Ümumilikdə ötən gün ərzində respublika üzrə xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 4 nəfər inzibati qaydada həbs olunub, 2294 nəfər inzibati cərimələnib. Onlardan da 548 nəfəri tibbi maskadan istifadə etməyənlərdir.
DİN bir daha vətəndaşlara müraciət edərək Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələblərinə qeyd-şərtsiz riayət olunmasını tələb edir.