CƏMİYYƏT
BDYPİ: 1898 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb olunub
Bakı, 6 iyul, AZƏRTAC
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi iyulun 5-də xüsusi karantin rejiminin pozulmasına görə inzibati məsuliyyətə cəlb edilmiş hərəkət iştirakçılarının sayı və görülən tədbirlər barədə məlumatı açıqlayıb.
İdarədən AZƏRTAC-a bildiriblər ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə iyulun 5-də saat 00:00-dan iyulun 6-sı saat 00:00-dək olan müddətdə nəqliyyat vasitələri ilə hərəkətdə olan 1683 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə isə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 215 nəfər olmaqla ümumilikdə 1898 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb olunub.
Bu müddətdə Bakı-Quba yolunun 52-ci kilometrində yerləşən karantin keçid postundan 27-si rayon, 45-i paytaxt istiqamətinə olmaqla 72, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci kilometrində yerləşən postdan 60-ı rayon, 56-sı paytaxt istiqamətinə olmaqla 116, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci kilometrində yerləşən keçid postundan 207-si rayon, 95-i paytaxt istiqamətinə olmaqla 302 nəqliyyat vasitəsi geri qaytarılıb, ümumilikdə 490 nəqliyyat vasitəsilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.