CƏMİYYƏT
Karantin müddətində həssas təbəqədən olan əhaliyə sosial dəstək tədbirləri davam etdirilib
Bakı, 7 avqust, AZƏRTAC
Sosial dəstək tədbirləri çərçivəsində 65 yaşdan yuxarı tənha və əlilliyi olan şəxslərdən ibarət 15 mindən çox vətəndaşa evlərində sosial xidmət göstərilir, 1000-dək şəxs sosial xidmət müəssisələrində stasionar şəraitdə sosial xidmətlə təmin edilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev pandemiya dövründə məşğulluğa və sosial rifaha dəstək məqsədilə görülən tədbirlərə dair keçirdiyi mətbuat konfransında məlumat verib.
Nazir deyib: “Sosial tərəfdaşların dəstəyi ilə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud uşaqları olan ailələr, çoxuşaqlı ailələr və aztəminatlı olan 100 min ailə iki dəfə ərzaq payı ilə təmin olunub, karantin dövründə əlillik və işsizlikdən sığorta ödənişinin müddəti bitənlər müvafiq ödənişlər və peşə hazırlığında fasilə yarananlara təqaüdlərin verilməsi davam etdirilib. Həmin dəstək tədbiri 16 min şəxsi əhatə edib, xüsusi karantin rejimi müddətində əlilliyi olan şəxslərə ehtiyac duyduqları minlərlə reabilitasiya vasitəsi evlərində təqdim olunub”.