ELM VƏ TƏHSİL
Azərbaycan Dillər Universitetində Konfutsinin ad günü qeyd edilib
Bakı, 29 sentyabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetində (ADU) keçirilən Çin mədəniyyəti həftəsi çərçivəsində bu ali məktəbin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu “Konfutsi: həyat və tədris” adlı onlayn seminar keçirib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, seminar görkəmli Çin mütəfəkkiri və filosof Konfutsinin anadan olmasının 2571-ci ildönümünə həsr olunub. Tədbirdə çıxış edən ADU Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru Rafiq Abbasov Konfutsi tərəfindən çox əhəmiyyətli hesab edilən təhsilin vacibliyini vurğulayıb.
Seminarda çıxış edən ADU Konfutsi İnstitutunun Çin tərəfindən direktoru Li Jihua, Konfutsi İnstitutunun müəllimi Chen Xiaozhen, Şərqi Çin Pedaqoji Universitetinin magistr ixtisası üzrə Çin dili müəllimi Samirə Məmmədova Konfutsi elminin inkişafının əsas mərhələlərindən, kateqoriyalarından və prinsiplərindən, konfutsiçiliyin etik-siyasi təlimlərindən, eləcə də konfutsiçiliyin müasir Çinin təhsil və elminin inkişafına təsirindən danışıblar.