REGİONLAR
Zaqatalada yetişdirilən “Şişburun” xurma sortu Rusiya bazarlarına ixrac olunur
Zaqatala, 24 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Zaqatala rayonunun xurma bağlarında məhsul yığımı davam edir. Hazırda rayonda 387 hektar xurma bağı var. Bu bağların 346 hektarı bar verəndir. İndiyədək xurma bağlarından 550 ton məhsul tədarük olunub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Vaqif Şabanov məlumat verib.
Qurum rəsmisinin sözlərinə görə, builki mövsümdə rayonda xurma istehsalının 7 min tona çatacağı proqnozlaşdırılır. Ötən il isə xurma bağlarından 6 min 658 ton məhsul tədarük olunub. Rayonda yetişdirilən “Şişburun” xurma sortu satış üçün əsasən Rusiya bazalarına ixrac olunur.
Rayonda şabalıd yığımı da davam edir. Hazırda rayon ərazisində 70 hektar şabalıd bağları var. Bu bağların 62 hektarı bar verəndir. İndiyədək şabalıd bağlarından 140 tonadək məhsul yığılıb. Cari ildə şabalıd bağlarından 150 tondan çox məhsul tədarük olunacağı gözlənilir.