REGİONLAR
Siçanabənzər gəmiricilərə və taxıl böcəyinə qarşı mübarizə tədbirləri görülür
Ağsu, 26 yanvar, AZƏRTAC
Ağsu rayonunda cari ilin məhsulu üçün 35 min 161 hektarda payızlıq taxıl əkilib və hər yerdə normal çıxış alınıb. Hazırda fermerlər, eləcə də fiziki şəxslər bütün diqqəti taxıl sahələrinə ciddi ziyan vuran siçanabənzər gəmiricilərə və taxıl böcəyinə qarşı mübarizəyə cəlb edib.
Rayon Bitki Mühafizə Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, mütəxəssislər tərəfindən əkin sahələrinə mütəmadi baxış keçirilir. Təkcə bu ilin əvvəlindən bəri yoxlama aparılan 560 hektarın 35 hektarında siçanabənzər gəmiricilərlə sirayətlənmə aşkar olunub. Həmin ərazilərdə Respublika Bitki Mühafizə Mərkəzi tərəfindən dövlət vəsaiti hesabına alınan sink fosfid preparatı ilə hazırlanan aldadıcı yemlərlə kimyəvi mübarizə aparılıb. Habelə, ötən ilin dekabrında yoxlama zamanı 85 hektarda taxıl böcəyi ilə siyarətlənmə aşkar edilib və bu sahələr çiləmə yolu ilə dərmanlanıb.
Taxılçılıqla məşğul olan fermerlər və fiziki şəxslər zərərvericilərin aşkar edilməsi və mübarizə aparılması ilə əlaqədar təlimatlandırılır, onlara məsləhət və tövsiyələr verilir.