CƏMİYYƏT
“MV Mozart” gəmisinə hücum zamanı öldürülən azərbaycanlı mühəndisin nəşi Bakıya gətirilib
Bakı, 27 yanvar, AZƏRTAC
Türkiyə şirkətinə məxsus “MV Mozart” gəmisinə hücum zamanı öldürülən azərbaycanlı mühəndis Fərman İsmayılovun nəşi Bakıya gətirilib.
AZƏRTAC xəbər verir ki, həmyerlimizin nəşi Türkiyənin Qabondakı səfirliyinin vasitəçiliyi ilə paytaxt Librevilə, daha sonra Türkiyə Hava Yollarının ilk uçuş reysi ilə Türkiyə üzərindən Azərbaycana göndərilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan tərəfi Türkiyə tərəfi ilə qarşılıqlı əlaqələndirmə əsasında vətəndaşımızın nəşinin Vətənə gətirilməsi ilə əlaqədar bütün tədbirləri görüb. Hadisədən dərhal sonra Türkiyə xarici işlər nazirinin Azərbaycan xarici işlər naziri ilə telefon danışığı olub. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramova baş vermiş hadisə ilə əlaqədar başsağlığı verib.
Xatırladaq ki, yanvarın 23-də Nigeriya sahillərində dəniz quldurları Türkiyə şirkətinə məxsus, Liberiya bayrağı altında üzən “MV Mozart” gəmisinə hücum ediblər. Gəminin 19 heyət üzvündən 15-i girov götürülüb. Hücum nəticəsində azərbaycanlı mühəndis Fərman İsmayılov həlak olub.