CƏMİYYƏT
AQTA ilə Polşanın Bitki Mühafizəsi və Toxumçuluq üzrə Dövlət Müfəttişliyi arasında görüş keçirilib
Bakı, 3 mart, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Polşa Respublikasının Bitki Mühafizəsi və Toxumçuluq üzrə Dövlət Müfəttişliyi arasında görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, agentliyin sədri Qoşqar Təhməzlinin iştirak etdiyi görüşdə Azərbaycanla Polşa arasında müvafiq sahələrdə ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi, Polşaya bitki və bitki məhsulları ixracının artırılması imkanlarının nəzərdən keçirilməsi, pestisidlərin monitorinqi, sınağı və qeydiyyatı üzrə Polşa təcrübəsinin öyrənilməsi və bitki mühafizəsi sahəsində mövcud qanunvericilik mübadiləsi ilə əlaqədar müzakirələr aparılıb.
Tərəflər əməkdaşlığı öz səlahiyyətləri çərçivəsində və dövlətlərin qanunvericiliklərinə, eləcə də 2019-cu il mayın 31-də Bakıda imzalanmış “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Polşa Respublikasının Bitki Mühafizəsi və Toxum İstehsalı Dövlət Müfəttişliyi arasında fitosanitariya sahəsində Anlaşma Memorandumu”na uyğun olaraq, bərabərlik və qarşılıqlı səmərəlilik prinsipləri əsasında inkişaf etdirəcəklərini bildiriblər.
Görüşdə iki qurum arasında daha geniş əməkdaşlığın müvafiq struktur bölmələri vasitəsilə konkret istiqamətlər üzrə həyata keçirilməsi, eləcə də mütəxəssislərin qarşılıqlı işgüzar və təcrübə səfərlərinin təşkili barədə razılıq əldə olunub.