REGİONLAR
Fermer: əkin sahələrini artırmadan da bol məhsul götürmək olur
Ağsu, 5 mart, AZƏRTAC
Ağsu rayonunun Qaradağ kəndindən olan Eynullah Ağayevə məxsus ailə-fermer təsərrüfatının əsas məşğuliyyəti taxılçılıqdır. Həyətyanı təsərrüfatda iribuynuzlu mal-qara, qoyun-keçi, habelə toyuq-cücə də bəsləyirlər. Lakin bunlar ailənin, sadəcə olaraq, gündəlik tələbatı üçündür. Əlbəttə, bu sahələr də ailə büdcəsinə gəlir gətirir. Lakin əsas maraq taxılçılıqdır.
“Taxıl çörəkdir, taxıl strateji məhsuldur”, - deyə Eynullah Ağayev AZƏRTAC-ın bölgə müxbirinə bildirib: “Ötən il 13 hektarda taxıl əkmişdik. Havaların quraq keçməsi, su qıtlığı səbəbindən dən suyunu verə bilməməyimiz məhsuldarlığa ciddi təsir etdi. Hər hektardan cəmi 15 sentner məhsul götürdük. Bu il üçün əkin sahəsini artırmışıq. Ötən payızda 15 hektarda taxıl əkmişik və yaxşı da çıxış almışıq”.
Qeyd edək ki, hazırda taxılçılıqla məşğul olan fermerlər, eləcə də fiziki şəxslər bol məhsul üçün əkin sahələrinin genişləndirilməsini o qədər də vacib saymırlar. İndi onlar yaxşı məhsuldarlıq üçün əkində müasir texnologiyaların tətbiqinə, yerli şəraitə uyğun yüksək repreduksiyalı toxumlardan istifadəyə, habelə becərmədə aqrotexniki tələblərə tam əməl edilməsinə ciddi diqqət yetirirlər. Bunu söhbət zamanı ailə-fermer təsərrüfatının sahibi Eynullah Ağayev də söylədi: “Əkin üçün şumun hazırlanmasını, toxumun seçilməsini və səpin üçün ən müasir avadanlıqdan istifadəni mütəxəssislərin nəzarəti və məsləhəti ilə həyata keçirmişəm. Odur ki, yaxşı çıxış almışam. Sahələri bir dəfə suvarmışam. Əkinlərə yemləmə gübrəsi də verilib. Ötən həftə yağan qar, həm də taxıl sahələri üçün əsl dərman olub. Qardan və yağışlardan sonra zəmilər göz oxşayır, gələcək yüksək məhsuldarlıqdan xəbər verir. Mütəxəssis dostlarım mənə hər hektardan 40 sentner məhsul götürəcəyimi söyləyiblər”.