REGİONLAR
“Naxçıvan” Universitetinin əməkdaşları şagirdlərlə görüşüb
Naxçıvan, 6 may, AZƏRTAC
Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə təşkil olunan görüşdə 45-i Naxçıvan Şəhər Təhsil Şöbəsinin, 15-i isə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə birbaşa tabe olan məktəblərin on birinci sinif şagirdləri olmaqla, ümumilikdə, 60 şagird iştirak edib.
“Naxçıvan” Universitetinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının Ümumtəhsil məktəbləri və liseylərlə iş üzrə şöbəsinin müdiri Abdulla Əsgərov bu cür görüşlərin şagirdlər üçün əhəmiyyətindən danışıb. Abdulla Əsgərov şagirdlərə ali təhsil müəssisələri ilə bağlı seçim edərkən diqqətli olmağı, perspektivlərlə yanaşı, öz arzularını da nəzərə almağı tövsiyə edib, onlara uğurlar arzulayıb.
Universitetin prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu çıxışında bildirib ki, ali təhsil ocağı 1999-cu ildə dövlət qeydiyyatına alınaraq ali təhsil müəssisəsi kimi fəaliyyətə başlayıb. Burada tələbələrin təhsili ilə 90-a yaxın professor-müəllim heyəti məşğuldur. Onların sırasında AMEA üzvləri, elmlər doktorları, professorlar, dosentlər var. 2021-2022-ci tədris ilində universitetdə 19 ixtisas üzrə bakalavr, 8 ixtisas üzrə magistr hazırlığının aparılması nəzərdə tutulub. Təhsil ocağı zəngin maddi-texniki bazaya malikdir. Burada tələbələrin peşəkar kadr kimi yetişməsi üçün elektron zallar, zəngin kitab fondu olan elmi kitabxana, idman kompleksi və konfrans zalı, hər cür şəraitə malik müasir yataqxana, həmçinin üçmərtəbəli sosial xidmət mərkəzi fəaliyyət göstərir. Universitet dünyanın 50-dən artıq ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir. Bir çox beynəlxalq təhsil təşkilatının üzvü, beynəlxalq proqramların və layihələrin iştirakçısı olan təhsil müəssisəsi məzunlarına geniş iş imkanları yaradır.
Ali təhsil ocağında tələbələr üçün yaradılan şəraitdən danışan “Naxçıvan” Universitetinin Tədris şöbəsinin müdiri Anar Abuzərli əksəriyyəti gənc kadrlardan ibarət olan professor-müəllim heyətinin 40 nəfərinin məhz universitetin öz məzunları olduğunu bildirib. O, kadrların seçiminə xüsusi diqqət edildiyini, onların mütəmadi olaraq müxtəlif xarici universitetlərdə tətbiq olunan müasir yeniliklərlə tanış olduğunu vurğulayıb.
Sonra universitet haqqında videoçarx nümayiş etdirilib.
Keçirilən tədbirdə şagirdlərin sualları cavablandırılıb, fəallığı ilə fərqlənənlərə hədiyyələr təqdim olunub.