CƏMİYYƏT
Azərbaycan və Ukrayna qida təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirir
Kiyev, 18 may, AZƏRTAC
Azərbaycan və Ukrayna qida təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir. Bu barədə AZƏRTAC-a Ukraynanın Qida Təhlükəsizliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən məlumat verilib.
Məlumata görə, iki ölkə arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var. Bu potensialı həyata keçirmək üçün Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyətinin iyunun 3-dən 5-nə kimi Ukraynada səfərdə olacağı planlaşdırılır. Səfər çərçivəsində Q.Təhməzli Ukraynanın Qida Təhlükəsizliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəhbəri Vladislava Maqaletskaya ilə görüşəcək. Görüşdə qida təhlükəsizliyi sahəsində əməkdaşlığın perspektivləri, hər iki ölkənin təcrübəsinin qarşılıqlı tətbiqi müzakirə olunacaq.
Səfərin yekununda ikitərəfli əməkdaşlığa dair sazişin imzalanması nəzərdə tutulur.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev