DÜNYA
Səudiyyə Ərəbistanı Həcc ziyarətində iştirak edəcək zəvvarların sayını məhdudlaşdırıb
Qahirə, 12 iyun, AZƏRTAC
Səudiyyə Ərəbistanı yerli zəvvarlar və Krallığın ərazisində müvəqqəti yaşayan əcnəbilər üçün Həcc ziyarətinə məhdudiyyət tətbiq edib. Belə ki, xarici ölkələrdən dindarlar bu il də Həcc ziyarətinə qəbul edilməyəcəklər.
AZƏRTAC rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, iyulun ortalarında başlayacaq ziyarətdə 60 min nəfərin iştirakına icazə veriləcək.
Krallığın Həcc və Ümrə Nazirliyi bildirib ki, COVID-19 pandemiyası və virusun mutasiyası təhlükəsi ilə əlaqədar Həcc ziyarətində məhdud sayda zəvvar iştirak edəcək. Yeni qaydalara görə, 18-65 yaş arası tam vaksinasiya olunmuş, habelə yeni növ koronavirusa yoluxaraq sağalmış şəxslər qeydiyyata alınır.
Nazirliyin rəsmisi əlavə edib ki, artıq bu tələblərə uyğun gələn min nəfərin Həcc ziyarətində iştirak edəcəyi təsdiqlənib. Onların üçdə ikisi 160 ölkədən olan dindarlardır. Ziyarətin təhlükəsiz keçməsini təmin etmək məqsədilə çoxlu sayda təhlükəsizlik xidməti əməkdaşı və səhiyyə işçisindən ibarət qruplar yaradılır. Bundan başqa, zəvvarlar ziyarətdən əvvəl otellərdə karantin müddəti keçəcəklər. Məkkə ilə Mədinə arasında hərəkətdə olacaq avtobuslarda zəvvarları xüsusi qruplar müşayiət edəcək.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə