REGİONLAR
Xaçmazda COVID-19 infeksiyasına qarşı 36 min 448 nəfərə üçüncü doza peyvənd vurulub
Xaçmaz, 26 yanvar, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunda bu günə kimi COVID-19 infeksiyasına qarşı 36 min 448 nəfərə üçüncü doza peyvənd vurulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda rayonda vətəndaşların peyvəndlənməsi, həmçinin üçüncü doza vaksinin vurulması prosesi aparılır. Rayon sakinlərindən 78 min 295 nəfərinə hər iki doza peyvənd vurulub.
Vaksinasiya iki mərkəzdə aparılır. Vətəndaşlar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında və Xudat Şəhər Xəstəxanasında peyvənd olunurlar. Bununla yanaşı, səyyar həkim briqadaları rayonun müxtəlif inzibati ərazi dairələrində peyvəndlənmə həyat keçirirlər. Xaçmaz rayonu üzrə vətəndaşlara ümumilikdə 200 min dozadan çox vaksin vurulub.
Xaçmaz rayonunda infeksiyaya qarşı mübarizə məqsədilə sakinlərin peyvənd olunması kampaniyası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq icra edilir. Strategiyanın əsas məqsədi ölkəmizdə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.
Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, tibb müəssisəsində vaksin otaqlarında TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb. Vaksin immuniteti gücləndirməklə COVID-19 infeksiyasından qoruyur, virusun ötürülməsini məhdudlaşdırır, ölüm halının qarşısını alır.
Xaçmazda vaksinasiya prosesi qrafik əsasında davam etdirilir. Qeydiyyat prosesi randevu.its.gov.az saytında onlayn keçirilir. Onlayn qeydiyyatdan keçə bilməyənlər isə birbaşa poliklinikalara müraciət edə bilərlər.