MƏDƏNİYYƏT
2011-ci il Azərbaycanda “Turizm ili” elan olunmuşdur
Bakı, 15 yanvar (AZƏRTAC). Azərbaycanda 2011-ci il “Turizm ili” elan olunmuşdur.
Bu barədə yanvarın 14-də Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev bildirmişdir.
Dövlətimizin başçısı bildirmişdir ki, 2011-ci ildə Bakıda 5 beşulduzlu mehmanxana açılacaqdır. Bu, dünyada analoqu olmayan bir hadisədir. Bir ildə bir şəhərdə 5 beşulduzlu mehmanxana açılacaqdır.
Artıq Azərbaycanda turizmin inkişafının reallıq olduğunu qeyd edən Prezident İlham Əliyev əlavə etmişdir ki, Azərbaycanın bölgələrində də hotelçilik ilə bağlı çox böyük işlər görülür. Hazırda “Şahdağ” qış-yay xizək kurortu, xizək infrastrukturu yaradılır. Bizim gözəl təbiətimiz var, Xəzər dənizimiz, gözəl dağlarımız, çaylarımız, meşələrimiz bizim böyük sərvətimizdir. Elə etməliyik ki, 2011-ci ildə turizmin inkişafına böyük təkan verilsin. Hesab edirəm ki, bu məqsədlə 2011-ci ilin “Turizm ili” elan olunması ədalətlidir. Elə etməliyik ki, bu sahədə böyük və gözəl nəticələr görək.