CƏMİYYƏT
2020-ci ildən etibarən Sumqayıt, Xırdalan, Gəncə, Bərdə və Sabirabadda “DOST” mərkəzləri açılacaq
Bakı, 4 iyun, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat - DOST Agentliyinin 1 saylı “DOST” mərkəzi mayın 9-da ölkə başçısının iştirakı ilə açılıb. Mərkəzdə vətəndaşlara 126 xidmət göstərilir. Bu xidmətlər sosial müdafiə, məşğulluq, əmək münasibətləri və tibbi-sosial ekspertiza sahələrini əhatə edir. Gün ərzində 350-dən çox vətəndaş müraciəti qeydə alınır. İndiyədək 5000 vətəndaş mərkəzin xidmətlərindən yararlanıb.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov kütləvi informasiya vasitələrinin nümayəndələrinə açıqlamasında deyib.
O bildirib ki, bu il ərzində paytaxtda daha 3 “DOST” mərkəzinin açılacağı planlaşdırılıb: “Növbəti mərkəzlər Bakının Xəzər, Binəqədi və Nizami rayonlarında fəaliyyətə başlayacaq. Gələn il isə Xətai rayonunda “DOST” mərkəzinin açılması nəzərdə tutulub. Eyni zamanda, 2020-ci ildən etibarən Sumqayıt, Xırdalan və Gəncə kimi iri şəhərlərdə, eləcə də Bərdə və Sabirabad rayonlarında “DOST” mərkəzləri açılacaq. Ümumilikdə, 2025-ci ilədək respublikada 31 “DOST” mərkəzinin fəaliyyət göstərməsi gözlənilir.
DOST Agentliyinin İdarə Heyətinin sədri Prezident İlham Əliyevin övladlığagötürmə ilə Sərəncamına uyğun olaraq işlər görüldüyünü diqqətə çatdırıb: “Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində xüsusi işçi qrupu yaradılıb. DOST Agentliyinin də xüsusi işçi heyəti həmin qrupun üzvləridir. “DOST” mərkəzlərində övladlığagötürmə ilə bağlı xüsusi sahələr yaradılacaq, sosial işçilər və sosial agentlər fəaliyyətdə olacaq. Bu istiqamətdə hazırda hazırlıq işləri gedir”.