QAN YADDAŞI
20 Yanvar faciəsi xalqımızı azadlıq əqidəsindən döndərə bilməyib
Bakı, 19 yanvar, AZƏRTAC
Yanvarın 19-da Azərbaycan Dillər Universitetində (ADU) bu ali təhsil ocağı və Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı tərəfindən 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunan tədbir keçirilib.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə universitetin müəllimləri və tələbələri Şəhidlər xiyabanına gedərək ölkəmizin tarixinə qanlı hərflərlə yazılmış 20 Yanvar faciəsində həyatını itirən şəhidlərimizin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.
Daha sonra ADU-nun şəhid tələbəsi Ülvi Bünyadzadənin əziz xatirəsini əbədiləşdirmək məqsədilə universitetin foyesində yaradılan açıq muzeyin qarşısında təşkil olunan tədbirdə bu ali təhsil ocağının rektoru vəzifəsini icra edən, professor Əfqan Abdullayev Qanlı Yanvar ilə bağlı xatirələrini bölüşüb. Azadlıq istəyən xalqın həmişə qurbanlar verdiyini deyən Ə.Abdullayev diqqətə çatdırıb ki, həmin şəhidlərdən biri də Ülvi Bünyadzadədir. Professor tələbələrə dil potensiallarından istifadə edərək Azərbaycanın qəhrəmanlıq salnaməsini və azadlıq uğrunda mübarizəsini, həmçinin 20 Yanvar faciəsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmağı tövsiyə edib.
YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı xalqımızın tarixində unudulmaz qəhrəmanlıq səhifəsi olan 20 Yanvar hadisələrini Azərbaycanın istiqlaliyyətinə qovuşmasında önəmli rolu olan bir gün kimi dəyərləndirib. Diqqətə çatdırılıb ki, bu faciə Azərbaycan xalqını azadlıq əqidəsindən, əzmindən və məqsədindən döndərə bilməyib. Bu qanlı hadisəyə ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən siyasi qiymət verildiyini deyən M.İbrahimqızı Ulu Öndərin təzyiqlərə baxmayaraq hakim rejimə qarşı etiraz səsini ucaltdığını və kommunizmin işğalçı mahiyyətini aşkarladığını vurğulayıb.
Ü.Bünyadzadənin bacısı, professor Könül Bünyadzadə bu gün ölkəmizdə hökm sürən əmin-amanlığın və sabitliyin 20 Yanvar azadlıq mübarizəsindən başlandığını qeyd edib. Həmin gecə qəhrəmanların canına qıyaraq ömürlərini Vətənin ömrünə caladığını söyləyən K.Bünyadzadə deyib: “Bir millətin var olması üçün onun uğrunda canından keçən qəhrəmanlar lazımdır”.
Tədbirdə 20 Yanvar hadisələrinədək cərəyan edən tarixi proseslər, faciənin siyasi motivləri haqqında məlumat verilib, Ü.Bünyadzadəyə həsr olunan şeirlər səsləndirilib.