QAN YADDAŞI
20 Yanvar şəhidlərinin qəhrəmanlığı gənclər üçün əsl vətənpərvərlik nümunəsidir
Bakı, 20 yanvar, Məhərrəm Əlioğlu, AZƏRTAC
20 Yanvar faciəsi Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. Qanlı Yanvar Azərbaycan tarixində təkcə faciə deyil. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli azadlıq istəyinin oyanış günüdür. Qanlı Yanvar böyük bir xalqın azadlıq səsinin ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu hadisə ilə xalqımız nəinki ruhdan düşmədi, əksinə, öz qəhrəmanlığını sübut edib müstəqilliyinə qovuşdu. Ona görə də qanlı şənbə gecəsi xalqımızın qəhrəmanlıq salnaməsidir. Biz bu tarixi yaşadan xalqımızla fəxr edirik.
Bu sözləri yanvarın 20-də Şəhidlər xiyabanına ziyarətə gələn Xocavənd rayonunun Qaradağlı kəndindən olan məcburi köçkün, Qarabağ müharibəsi əlili, şəhid ailəsinin üzvü Rafiz Quliyev AZƏRTAC-a müsahibəsində deyib.
R.Quliyev bildirib ki, sovet qoşunları 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda ağlasığmaz vəhşiliklər törədərək, günahsız, əliyalın insanları qətlə yetiriblər. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. O vaxtdan 27 il keçsə də şəhidlərimizin ruhu bizim üçün daim əzizdir. Vətənimizin azadlığı, müstəqilliyi uğrunda canlarını qurban verənlər ölməzliyə qovuşaraq tariximizin şərəfli səhifəsini yazıblar. Onların qəhrəmanlığı gənclərə əsl vətənpərvərlik nümunəsidir. 20 Yanvar Azərbaycan xalqının hüzn və qürur günüdür.
Allah onlara rəhmət eləsin. Onların məzarlarını ziyarət etmək bizim hər birimizin borcudur.