CƏMİYYƏT
Azyaşlılara tullantıların çeşidlənməsi ilə bağlı təlim keçirilib
Bakı, 22 may, AZƏRTAC
22 May - Beynəlxalq Bioloji Müxtəliflik Günündə Xətai rayonunda yerləşən Gənclik parkında "Təbiəti qoruyaq" çağırışı ilə "Plastikləri atma, onlara ikinci həyat ver!" başlığı altında tədbir keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova AZƏRTAC-a bildirib ki, bu gün təşkil olunan "master-class"da iştirak edən azyaşlılara tullantıların çeşidlənməsi ilə bağlı təlim keçirilib: "Master-class" zamanı balaca dostlarımız plastik qablardan düzəltdikləri gül dibçəklərinə müxtəlif ağac və gül toxumları əkiblər".
S.Məmmədovanın sözlərinə görə, tədbirin keçirilməsində məqsəd uşaqlara yaradıcılıqla yanaşı, kiçik yaşlarından təbiəti sevməyi, ekologiyanı qorumağı öyrətməkdir. Uşaqlar üçün ətraf mühitin mühafizəsinə dair videoçarxlar nümayiş etdirilib, viktorinalar təşkil olunaraq qaliblər mükafatlandırılıb.
Tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyi, "Ekosfera" Sosial Ekoloji Mərkəz İctimai Birliyi və "City Park" tərəfindən təşkil olunub.