DÜNYA
21-ci əsrin şprisi icad edilmişdir
Bakı, 25 may (AZƏRTAC). Yaxın gələcəkdə dərman preparatlarını iynəsiz və ağrısız dəri altına yeritmək mümkün olacaqdır. Massaçuset texnologiya institutunun tədqiqat qrupu dərman preparatlarını kiçik reaktiv axınla dəri məsamələrindən keçirən yeni qurğu hazırlamışdır. Bu vasitə iynədən istifadə etmədən məhlulu müxtəlif dərinliyə yeritməyə, həmçinin axının gücünü proqramlaşdırmağa imkan verir. Tədqiqatçılar bildirirlər ki, inyeksiya zamanı ağrının yoxluğu ilə bərabər bu yenilik əzələlərin reflektor gərginliyi və iynənin sınma təhlükəsini aradan qaldırır. Massaçuset institutundan bildirmişlər ki, ABŞ-da həkimlər sınmış iynələrin əzələdən çıxarılması ilə əlaqədar 385000-ə yaxın tibbi əməliyyat edirlər. İynəsiz qurğu özünə müntəzəm iynə vuranların da ürəyincə olacaq. Massaçuset texnologiya institutu yanında mexaniki injenirinq institutunun elmi əməkdaşı Ketrin Xoqan bildirmişdir: “İynədən qorxan, lakin özünə müntəzəm inyeksiya etməli olanlar üçün bizim ixtiranın üstünlükləri göz qabağındadır. Son illər dərman preparatlarının dəri altına yeridilməsində iynələrə müxtəlif alternativ qurğular ixtira edilmişdir. Məsələn, nikotin plastrları məhlulu tədricən dəridən keçirir. Lakin bu plastrlar dərman zərrəcikləri nisbətən kiçik olduqda səmərəli olur. Hazırda elm protein əsaslı dərmanların istifadəsinə daha çox meyl edir. Belə preparatların molekulları çox böyükdür. Buna görə də onları “axınla” əzələ yanından dəri altına yeritmək hər zaman mümkün olmur.
Yeni ixtira nazik reaktiv axın prinsipi ilə işləyir. Bu prinsipə əsasən təzyiqlə vurulan məhlul dərini və piy qatını keçərək əzələyə daxil olur. Yeni preparatın cəlbedici xüsusiyyəti axın gücünün nizamlanmasıdır. Bu xüsusiyyət inyeksiyanın əzələdaxili və ya dərialtı olmasını müəyyənləşdirməyə imkan verir. Massaçuset alimləri bildirirlər ki, preparat qurğudan demək olar ki, səs sürəti ilə və yüksək təzyiqlə çıxır, axının qalınlığını isə ağcaqanadın xortumu ilə müqayisə etmək olar. Tədqiqatçılar qeyd edirlər ki, hazırda onlar şırnaqın qalınlığını, atma sürətini və digər parametrləri nizamlayacaq yeni variant üzərində işləyirlər.
Tədqiqatçılar başqa bir variant üzərində də çalışırlar. Bu varianta əsasən istifadəçiyə inyeksiya məhluluna tozvari preparat əlavə etmək kifayət edəcək.
Xoqan bildirir ki, belə cihazlar gələcəkdə uşaq həkimləri üçün əsl yenilik ola bilər. Məlumdur ki, onlar uşaqlara iynə vurarkən həddən artıq əziyyət çəkməli olurlar.