İQTİSADİYYAT
ASCO-nun 2500 tonluq kran gəmisi “Abşeron” yatağında görüləcək işlərə cəlb olunub
Bakı, 15 avqust, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) 2500 ton yükqaldırma qabiliyyətinə malik “Azərbaycan” kran gəmisi “Abşeron Erkən Hasilat Platforma Kompleksi”nin üst tikililərinin “Abşeron” yatağına nəqli və dayaq blokunun üzərində quraşdırılması əməliyyatlarına cəlb olunub.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, bu məqsədlə Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda hazırlanan üç ədəd üst tikilinin ikisi - “AMO-2” və “AMO-1” modulları kran gəmisinin köməkliyi ilə barjalara yerləşdirilib. “AMO-3” modulu isə “Azərbaycan” kran gəmisinin öz göyərtəsinə yüklənib.
Üst tikililər “Abşeron” yatağına çatdırıldıqdan sonra “Azərbaycan” kran gəmisi burada onların dayaq blokunun üzərində quraşdırılmasında iştirak edəcək.