SİYASƏT
İctimai fəal: Azad edilmiş ərazilərimizə monitorinq qrupunun göndərilməsinə imkan verilməlidir
Bakı, 9 dekabr, AZƏRTAC
Bizim tələbimiz budur ki, işğaldan azad edilən ərazilərə monitorinq qrupunun göndərilməsinə imkan verilsin.
AZƏRTAC xəbər verir ki, bu fikirləri dekabrın 9-da Rusiya səfirliyinin qarşısında keçirilən etiraz aksiyasının iştirakçısı, Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin sədri Toğrul Allahverdili deyib.
QHT sədri bildirib ki, Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatlarının işğaldan azad edilən və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərə getmək istəyi heç bir qanuna və hüquqa zidd deyil. Ölkə QHT-lərinin həmin ərazilərdə monitorinq aparmasına imkan verilməlidir və biz bunu tələb edirik.
“Biz öz torpaqlarımıza getmək və monitorinq aparmaq istəyirik. Başqa heç bir istəyimiz yoxdur”, - deyə o qeyd edib.