İDMAN
Azərbaycanlı məşhur velosəyyah yeni rekorda imza atıb
Roma, 1 fevral, AZƏRTAC
Azərbaycanlı məşhur velosəyyah Ramil Ziyadov Asiya və Avropa qitələri arasında ən uzun quru yolunu qət edib.
AZƏRTAC xəbər verir ki, velosəyyah 15 min 50 kilometrlik Maqadan (Rusiya)-Sarqes (Portuqaliya) yolunu qət edərək ilkə imza atıb.
“Sevincimin həddi-hüdudu yoxdur. Mən “ikitəkərli at”ımla Avrasiya materikinin ən uzun quru yolunu qət etdim. Hazırda Atlantik okeanı sahilində, Avropanın ən cənub-qərb nöqtəsindəki Sarqes şəhərindəyəm. “Azərbaycan naminə” devizi ilə çıxdığım dünya səyahətində müxtəlif ölkələrdə olarkən maarifləndirmə işləri də aparıram, yerli əhaliyə ölkəmizin tarixi və adət-ənənələrindən bəhs edirəm. Azərbaycanı dünyada layiqincə təmsil etməkdən qürur duyuram. Xalqımıza, millətimizə xeyirli olsun, Allah bayrağımızı hər zaman uca etsin”, - deyə Ramil Ziyadov AZƏRTAC-a müsahibəsində bildirib.
Həmyerlimiz artıq 10 ildir ki, velosipedlə dünyanı gəzir. 2013-cü ildə Azərbaycan və Türkiyə bayraqları ilə səyahətə başlayan 45 yaşlı Ramil indiyədək dörd qitədə (Afrika, Asiya, Avropa və Cənubi Amerika) 50-dən çox ölkədə olub və ümumilikdə 100 min kilometr məsafə qət edib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma