SİYASƏT
28 May-Respublika Günü Küveytin agentlik və qəzetlərində geniş şəkildə işıqlandırılıb
Bakı, 30 may, AZƏRTAC
Ölkəmizin milli bayramı - 28 May-Respublika Günü münasibətilə Azərbaycanın Küveyt Dövlətindəki səfirliyi tərəfindən keçirilmiş rəsmi qəbul böyük oxucu kütləsinə malik ərəbdilli “Əl-Siyəsə”, “Əl-Ray”, “Əl-Ənbə”, “Əl-Nahar”, “Əl-Qabas”, “Əl-Cəridə”, “Əl-Vasat”, ingilisdilli “Arab Times” və “Kuwait Times” qəzetlərində və “KUNA” xəbər agentliyinin internet səhifəsində geniş şəkildə işıqlandırılıb.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, “Küveyt Dövləti və Azərbaycan Respublikası arasında əlaqələr bütün sahələrdə inkişaf edir”, “Küveyt dost və qardaş ölkələrə öz köməyini əsirgəmir”, “Səfir Elxan Qəhrəman Dağlıq Qarabağ münaqişəsinin həllində Küveyt Dövlətinin Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini yüksək qiymətləndirir” başlıqlı məqalələrdə Azərbaycan Respublikasının müstəqillik tarixindən, həmçinin uğurla inkişaf edən ikitərəfli münasibətlərdən söhbət açılıb. Küveyt Dövlətinin Əmiri, Vəliəhdi, Baş naziri Millət Məclisinin (parlament) sədri tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Milli Məclisin sədri Oqtay Əsədova ünvanlanmış təbrik məktubları barədə oxuculara məlumat verilib.
Məqalələrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğalından, bunun nəticəsində bir milyondan artıq qaçqın və məcburi köçkünün öz doğma yurdlarından didərgin düşməsindən bəhs edilib, münaqişə ilə əlaqədar BMT TŞ-nin 4 qətnaməsinin olması, həmin beynəlxalq sənədlərə Ermənistanın laqeydliklə yanaşması vurğulanıb, Küveyt Dövlətinin Azərbaycanın haqlı mövqeyini dəstəklənməsi qeyd olunub.
Dərc olunmuş yazılarda ölkəmizdə gedən siyasi, iqtisadi, mədəni, turizm, idman sahələrdəki sürətli inkişafdan bəhs olunub, 2002-ci ildən bəri 36-dək beynəlxalq idman yarışının keçirildiyi və cari ilin iyun ayında isə “Formula-1” yarışlarının baş tutacağı qeyd edilib.
Göstərilənlərlə yanaşı, 28 May - Respublika Günü münasibətilə səfir Elxan Qəhrəmanın və Küveyt Dövləti adından rəsmi qəbulda əsas qonaq qismində iştirak edən təhsil və ali təhsil naziri Dr. Bədr Haməd Əl-İsanın iki ölkə arasında əlaqələrin bütün sahələrdə yüksək inkişafına dair müsahibələri Küveytin rəsmi ingilisdilli “KTV 2” televiziya kanalının tamaşaçılarına təqdim olunub, rəsmi “KTV1” və özəl “Əl-Ray”, “Əl-Kut” televiziya kanallarında süjetlər yayımlanıb.