SİYASƏT
28 May – Respublika Günü Minskdə də qeyd edilmişdir
Bakı, 27 may (AZƏRTAC). Azərbaycan Respublikasının Belarus Respublikasındakı səfirliyi 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul təşkil etmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Minsk şəhərində akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, Belarusun bir sıra dövlət qurumlarının rəhbər şəxsləri, ziyalılar, KİV nümayəndələri, Azərbaycan diasporunun üzvləri və bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak etmişlər.
Qəbulda, həmçinin Belarusun Baş nazirinin birinci müavini Vladimir Semaşko, MDB İcraiyyə komitəsinin sədri-icraçı katib Sergey Lebedev, xarici işlər nazirinin birinci müavini Aleksandr Mixneviç, Nümayəndələr Palatasının beynəlxalq münasibətlər və MDB ölkələri ilə Daimi Komitəsinin sədri Nikolay Samoseyko iştirak etmişlər.
Tədbirdə çıxış edən səfir İsfəndiyar Vahabzadə ölkəmizin qədim dövlətçilik ənənəlilərinə malik olduğu və 1918-ci ildə müsəlman Şərqində ilk dəfə olaraq məhz Azərbaycanın əsas dövlət atributlarına malik demokratik respublika qurduğunu, lakin bütün cəhdlərə baxmayaraq, bu respublikanın cəmi 23 ay yaşadığını bildirmişdir. 1991-ci ildə Azərbaycan xalqının yenidən öz müstəqilliyinə qovuşduğunu qeyd edən İ.Vahabzadə yeni müstəqillik dönəmində xalqımızın Ermənistanın işğalçılıq siyasəti ilə üzləşdiyini, ərazimizin 20 faizinin işğalı nəticəsində bir milyondan artıq həmvətənimizin məcburi köçkün həyatı yaşadığını, maddi-mədəni irsimizin ermənilər tərəfindən talan edildiyini vurğulamışdır. Bütün çətinliklərə baxmayaraq, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyevin davam etdirdiyi, Azərbaycanın hərtərəfli inkişafına hesablanmış islahatların müsbət nəticə verdiyini diqqətə çatdıran səfir dövlətimizin beynəlxalq aləmdə də nüfuzunun gündən-günə artdığını qeyd etmişdir. Azərbaycanın digər ölkələrlə əlaqələrinin intensivləşdiyini bildirən səfir Azərbaycan-Belarus əlaqələrinin də dinamik inkişaf etdiyini vurğulamış və Prezident İlham Əliyevin Belarusa, Prezident Aleksandr Lukaşenkonun Azərbaycana səfərlərinin bu münasibətlərin inkişafında mühüm amil olduğunu diqqətə çatdırmışdır.
Sonra Vladimir Semaşko çıxış edərək Respublika Günü münasibətilə Azərbaycan xalqına təbriklərini çatdırmışdır. V.Semaşko Azərbaycan-Belarus münasibətlərinə toxunaraq bu əlaqələrin yüksək səviyyədə olduğundan məmnunluğunu ifadə etmişdir. Son illər iki ölkə arasında bütün sahələr üzrə təmasların intensivləşdiyini və Azərbaycanın Belarus üçün vacib strateji tərəfdaş olduğunu bildirən Baş nazirin birinci müavini əlaqələrin daha da dərinləşməsi üçün geniş imkanların olduğunu və bu istiqamətdə Belarusun dövlət qurumlarının səfirliyin fəaliyyətinə hər cür dəstək verə biləcəyini qeyd etmişdir.
Tədbirin rəsmi hissəsindən sonra Azərbaycan musiqisinin sədaları altında qonaqlara milli mətbəximizin ləziz nümunələri təqdim olunmuşdur.