CƏMİYYƏT


Sabunçu rayon məktəbliləri Şəki-Qax-Zaqatala marşrutu üzrə ekskursiyaya yollanıblar

Bakı, 9 noyabr, AZƏRTAC

Sabunçu rayon məktəbliləri “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində keçirilən maarifləndirici tur-aksiyasına qoşulublar. Noyabrın 9-da Şəki-Qax-Zaqatala marşrutu ilə hərəkət edəcək məktəbliləri rayon rəhbərliyi, müəllimlər və valideynlər yola salıblar.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Maştağa qəsəbəsindəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Ulu Öndərin abidəsi önünə əklil qoyulub, xatirəsi ehtiramla yad edilib.

Mərasimdə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova gənc nəslə göstərilən dövlət qayğısından, onların hərtərəfli inkişafı üçün yaradılan şəraitdən bəhs etdi. Bildirdi ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan “Ölkəmizi tanıyaq” layihəsi gənc və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaq.

Vətənimizin hər bir guşəsinin əziz olduğunu vurğulayan valideyn Fatma Məmmədova AZƏRTAC-a müsahibəsində deyib: “Ölkəmizin səfalı yerlərinə təşkil edilən ekskursiyadan gözəl nəticələr gözləyirik. Bu aksiya yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin yüksəlməsində, tədrisdə əldə etdikləri nəzəri biliklərin möhkəmləndirilməsində mühüm rol oynayır. İnanıram ki, səfərin xoş təəssüratları şagirdlərin mənəvi zənginliyini daha da artıracaq”.

Bilgəh qəsəbəsindəki 142 nömrəli tam orta məktəbin şagirdi Əli Zeynalov isə fikirlərini belə ifadə edib: “Bu layihəyə Azərbaycanın bütün şəhər və rayonlarının məktəbliləri qoşulublar. Onların bəziləri bəlkə də indiyədək digər rayonlarda olmayıblar. Bu aksiya bizə imkan verir ki, ölkəmizin müxtəlif bölgələrinə səyahət edək, oradakı məşhur tarixi abidələrlə, qədim yaşayış məskənləri ilə yaxından tanış olaq. Bu imkanı bizə yaradan Prezident İlham Əliyevə Sabunçu rayon məktəbliləri adından dərin minnətdarlığımızı bildiririk”.

Mərasim başa çatdıqdan sonra Sabunçu rayonunda yaşayan və təhsil alan 40 nümunəvi və əlaçı şagirddən, müəllim, həkim, bələdçi və rəhbər işçidən ibarət qrup xüsusi avtobusla Şəki-Qax-Zaqatala marşrutu istiqamətində yola düşdü.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.